BAKI, 24 dekabr. TELEQRAF
“Ukrayna Prezidenti Volodimir Zelenski ağır şərtlərə baxmayaraq, 20 bəndlik sülh planını qəbul etməyə hazırdır. Bu, ABŞ Prezidenti Donald Trampın administrasiyasının irəli sürdüyü ilkin 28 bəndlik planın ixtisar və düzəlişlər edilmiş variantıdır”.
Teleqraf xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
Ekspert xatırladıb ki, Vaşinqtonun ilkin sülh planının bəndlərinin birində işğal altında olan Zaporojye atom elektrik stansiyasının ABŞ-nin idarəçiliyinə veriləcəyi və istehsal olunan elektrik enerjisinin Ukrayna ilə Rusiya arasında bərabər bölüşdürüləcəyi yazılmışdı:
“Hazırki planda bu bəndə stansiyanın Ukrayna ilə ABŞ arasında bərabər bölüşdürüləcəyi qeyd olunub. Bu, elə böyük düzəliş deyil, onsuz da ABŞ həmin 50 faizi Rusiyaya ötürəcək, sadəcə Kiyev bu bənddə elektrikin 50 fazinin Rusiyaya ötürüləcəyi cümləsi ilə razılaşa bilməzdi. Planın ilkin variantında sülh dövründə Ukrayna Silahlı Qüvvələrinin sayının 600 min olacağı göstərilirdi. Hazırki planda bu, “800 min nəfər” yazılıb.

Yeni planın 5-ci bəndinə görə, ABŞ, NATO və Avropa Ukraynaya 5-ci maddə nümunəsində təhlükəsizlik zəmanətləri verəcək və əgər Rusiya Ukraynaya yenidən müdaxilə edərsə, hərbi cavab veriləcək, sanksiyalar bərpa olunacaq. Buna baxmayaraq, bu bənd qeyri-müəyyən olaraq qalır. Ukraynaya veriləcək təhlükəsizlik təminatı 1994-cü ildə verilən təhlükəsizlik təminatından mahiyyət etibarilə fərqlənməlidir. Bu, elə bir bənd olmalıdır ki, Rusiya gələcəkdə yenə Ukraynaya hücum etməyi planlaşdırsa, qarşısında daha böyük güclərin dayanacağını anlasın və bu amil onu qonşusuna növbəti həmlədən çəkindirsin”.
Elxan Şahinoğlu əlavə edib ki, yeni planın əsas bəndlərindən biri ərazilərlə bağlıdır:
“Rusiya hərbi qüvvələri Dnepropetrovsk, Nikolayev, Sumı və Xarkov vilayətlərindən çıxmalı, Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərində isə “harada dayanmışıqsa, orada qalırıq” prinsipi işə düşməlidir. Bu, Ukraynanın edə biləcəyi maksimum güzəştdir. Yəni Ukrayna itirdiyi əraziləri hüquqi baxımdan Rusiya ərazisi kimi tanımasa da, reallıqdan çıxış edərək həmin ərazilərin hərbi yolla geri qaytarılmayacağı reallığını qəbul edir.
Beləliklə, Kiyev və Brüssel mövcud planı qəbul etməyə hazırdır. Vaşinqton da yeni plana etiraz etməz. Əsas məsələ bu plana Kremli razı salmaqdır. Rusiya Prezidenti Vladimir Putinin xüsusi elçisi Kirill Dmitriyev ABŞ-yə səfər edərək planı Moskvaya çatdırıb. Kreml sahibinin yeni planla razılaşacağı çətindir. O, əvvəlki kimi Donbasın hamısını tələb edir. Putin 20 maddəlik planın əksər bəndlərinə etiraz etməsə də, ərazilərlə bağlı bəndi qəbul etməyəcək. Bu halda planın qəbulu mümkün olmayacaq və müharibə tam şiddətiylə davam edəcək”.