AZ

Ekspert: Geopolitik mürəkkəb vəziyyət Türkiyəyə hər zaman enerji idxalını diversifikasiya etməyi diktə edir

Bakı, 24 dekabr, AZƏRTAC

Son 2 ildə Türkiyə ilə ticarət həcmi təxminən 7,7 -7,8 milyard dollar olub. Amma 2025-ci ilin 11 ayının göstəricisinə görə bu rəqəm 5,2 milyard dollara düşüb. Bunun da bir çox obyektiv səbəbləri var. Azərbaycan əsasən Türkiyəyə enerji daşıyıcıları ixrac etdiyindən dünya bazarında enerjinin qiymətinin aşağı düşməsi ticarət həcminə də öz təsirini göstərir.

Bunu AZƏRTAC-a açıqlamasında iqtisadçı ekspert Samir Heydərov bildirib.

Onun sözlərinə görə, Azərbaycanın Türkiyə iqtisadiyyatına qoyduğu investisiyaların həcmi 20 milyard dollar səviyyəsindədir.

“Türkiyə Azərbaycan iqtisadiyyatına eyni dövrdə təxminən 18 milyard dollar investisiya qoyub. Türkiyə və Azərbaycan arasında əlaqələr strateji əməkdaşlıq səviyyəsindədir. Türkiyə-Azərbaycan Birgə İqtisadi Komissiyasının 12-ci iclasında 110 maddəlik fəaliyyət planı təsdiq edilib, 15 milyardlıq ticarət həcmi hədəflənib. Beləki Azərbaycan Türkiyənin Xəzərin qaz yataqlarında iştirakının genişlənməsini arzu edir. Türkiyə üçün enerji idxalı hər zaman vacib bir məsələdir. Geopolitik mürəkkəb vəziyyət Türkiyəyə hər zaman enerji idxalını diversifikasiya etməyi diktə edir”, - deyə ekspert vurğulayıb.

S. Heydərov qeyd edib ki, Rusiya qazının idxalda həcminin azaldılması, Qərb ölkələrinin İrana tətbiq etdiyi sanksiyalar Türkiyəni öz enerji idxalını Azərbaycandan və Türkmənistandan idxal etməyə istiqamətləndirir: “Türkiyənin illik 55 milyard kub metrlik təbii qaz tələbatı var. İki istiqamət üzrə Azərbaycan qazını idxal edir. Bunlar Bakı-Tbilisi-Ərzurum və TANAP boru kəmərləridir. Türkiyə enerji bazarı üçün 2028 -2029-cu illər kritik illər hesab olunur. Amerika şist qazının bazara daxil olması həmin illərə təsadüf edəcək. Ona görə əlavə tələbin ödənilməsi üçün 2030-cu ildə də “Şahdəniz” yatağından idxal edilən təbii qaz müqaviləsi uzadılacaq”.

Ekspertin sözlərinə görə, Abşeron yatağının birinci fazası 2023-cü ildən istismara verilib, oradan illik 1,5 milyard kub metr təbii qaz hasil edilir.

“İkinci faza ilə bağlı yekun qərar verilmədiyinə görə yatağın istismarı məsələsi 3 ildir ki, uzanır. Azərbaycan ikinci fazanın istismarında operator şirkət kimi Türkiyə şirkətlərini görmək istəyir. Həm iki ölkə arasındakı siyasi iqtisadi əlaqələrin yüksək səviyyədə olması, həm də Türkiyənin enerji idxalında diversifikasiya etməsi baxımından bu vacibdir”, - deyə S.Heydərov vurğulayıb.

Seçilən
20
2
azertag.az

3Mənbələr