AZ

ADAU-da Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illik yubileyi qeyd edilib

Gəncə, 24 dekabr, Elcan Məmmədov, AZƏRTAC

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Xalqın şairi” adlı tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Vətənimizin azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Prezident İlham Əliyevin Bəxtiyar Vahabzadənin 100 illik yubileyi ilə bağlı imzaladığı Sərəncam səsləndirilib. Sonra Bəxtiyar Vahabzadənin zəngin həyat və yaradıcılıq yolunu, eləcə də Ulu Öndər Heydər Əliyevin Xalq şairi ilə görüşünü əks etdirən videoçarx nümayiş etdirilib.

Çıxış edən universitetin rektoru Zəfər Qurbanov Ulu Öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinə, ədəbiyyatına və ziyalılarına göstərdiyi yüksək diqqət və qayğının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. O, Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı imzalanan Sərəncamın bu dəyərin bariz nümunəsi olduğunu qeyd edib. Rektor çıxışında Bəxtiyar Vahabzadənin “Ana”, “Vətən marşı”, “Bayraq”, “Ana dili” və s. kimi şeirlərinin dərin təsir gücünə malik olduğunu bildirib.

Tədbirdə Gəncə Dövlət Aqrar Kollecinin direktoru Fəqan Ağayev şairin çoxşaxəli yaradıcılığına geniş nəzər salaraq, onun poeziyasında vətəndaşlıq mövqeyinin, milli ruhun, istiqlal düşüncəsinin ön planda olduğunu xüsusi vurğulayıb. Bildirib ki, Bəxtiyar Vahabzadə yalnız şair kimi deyil, eyni zamanda ziyalı və vətəndaş mövqeyi ilə də Azərbaycan ədəbiyyatına və ictimai fikrin formalaşmasına mühüm töhfələr verib. Onun əsərləri milli azadlıq ideyalarının tərənnümündə, gənc nəsildə vətənpərvərlik duyğularının formalaşmasında müstəsna rol oynayıb.

Sonra Dillər Tədris Mərkəzinin baş müəllimi Aidə İsmayılova şair haqqında xatirələrini bölüşərək, onun zəngin ədəbi irsindən söz açıb.

Tədbirin bədii hissəsində universitetin və kollecin tələbələri şairin poeziyasından seçilmiş nümunələri səsləndirib, onun sözlərinə yazılmış mahnıları ifa ediblər.

 

Seçilən
25
1
azertag.az

2Mənbələr