AZ

Strateji iradədən qlobal gücə: Ankara-Bakı xətti yeni dünya düzənində

Türkiyə və Azərbaycan arasında strateji müttəfiqlik münasibətləri yeni mərhələyə qədəm qoyub. Bu mərhələnin əsas fərqi ondan ibarətdir ki, siyasi qardaşlıq münasibətləri digər faktorlarla möhkəmlədib daha da yüksək səviyyəyə qaldırmaqdır. Enerji, nəqliyyat, tranzit-yükdaşıma, iqtisadi inteqrasiyanı gücləndirib qarşılıqlı investiyaların həcmini artırmaq, yerləşdiyimiz coğrafiyanı logistik bir qovşağa çevirməklə sistemli şəkildə strateji müttəfiqliyi istənilən səviyyə çatdırmaq hədəflənir. Bu hədəflərə nail olmağın yolları Bakıda keçirilən İkinci Türkiyə-Azərbaycan İnvestisiya Forumunda səslənən fikirlər də öz əksini tapıb. Forumda verilən mesajlar Bakı-Ankara xəttində iqtisadi əlaqələr artıq klassik tərəfdaşlıq çərçivəsini aşaraq strateji iqtisadi müttəfiqlik mərhələsinə daxil olaraq orta və uzunmüddətli inteqrasiya xəritəsini, iki dövlətin ortaq geosiyasi və geoiqtisadi güc mərkəzi kimi formalaşmasını təmin etməyə xidmət edir.

Birinci əsas xətt ticarət və investisiya sinerjisidir. İkitərəfli ticarətin 8 milyard dollara çatması mühüm mərhələ olsa da, əsas siyasi hədəf 15 milyard dollarlıq ticarət dövriyyəsinə nail olmaqdır. Bu hədəf institusional alətlərlə dəstəklənir: güzəştli ticarət sazişinin genişləndirilməsi, azad ticarət müqaviləsi üzrə araşdırmalar və qarşılıqlı investisiyaların stimullaşdırılması. 40 milyard dollara yaxınlaşan ümumi investisiya həcmi bu hədəfin real olduğunu göstərir.

İkinci əsas istiqamət enerji transformasiyasıdır 

Qlobal miqyasda qalıq yanacaqlardan mərhələli imtina prosesi fonunda Azərbaycanın bərpa olunan enerjiyə yönəlməsi strateji uzaqgörənliyin göstəricisidir. Türkiyənin Azərbaycanın bərpa olunan enerji siyasətinə açıq dəstəyi Bakı üçün ikiqat əhəmiyyət daşıyır: həm iqtisadiyyatın şaxələndirilməsi, həm də regional enerji təhlükəsizliyində lider mövqeyin möhkəmləndirilməsi. Bu əməkdaşlıq Azərbaycanı təkcə enerji ixracatçısı deyil, yaşıl enerji mərkəzi kimi də önə çıxarır.

Bu transformasiya yalnız iqtisadi fayda yaratmır, eyni zamanda təkcə regional deyil, eyni zamanda Avropanın enerji təhlükəsizliyində lider mövqeyin möhkəmləndirilməsində Ankara-Bakı tandemini etibarlı enerji dayağına çevirir. 

Üçüncü strateji istiqamət iqtisadiyyatın şaxələndirilməsidir 

Azərbaycanın qeyri-neft sektoruna verdiyi önəm və Türkiyənin sənaye, texnologiya və logistika təcrübəsi bu sahədə tamamlayıcı rol oynayır. Bu yanaşma iki ölkəni qlobal bazarlardakı dalğalanmalardan qoruyan dayanıqlı iqtisadi model formalaşdırır. Məhz iqtisadi güc siyasi iradənin real nəticələrə çevrilməsinin əsas şərtidir və bu amil strateji hədəflərə çatmağın açar mexanizmi kimi önə çıxır.

Üçüncü və həlledici element Zəngəzur dəhlizi və Orta dəhlizdir 

Bu layihələr Türkiyə-Azərbaycan münasibətlərini regional çərçivədən çıxararaq Avrasiya miqyaslı iqtisadi arteriyaya çevirir. Dəhlizin açılması ticarət axınlarını sürətləndirir, investisiya coğrafiyasını genişləndirir və türk dünyasını real iqtisadi məkan kimi birləşdirir. Zəngəzur bağlantısının açılması Türkiyənin Orta Asiya və Uzaq Şərqə çıxışını sürətləndirir, Azərbaycanı isə Avrasiyanın mərkəzi logistika qovşağına çevirir. Bu dəhliz təkcə nəqliyyat xətti deyil, türk dünyasını fiziki və iqtisadi baxımdan birləşdirən strateji arteriyadır. Orta Dəhliz boyunca ticarətin, istehsalın və investisiyaların artması bölgədə uzunmüddətli sülh və rifah üçün real zəmin yaradır.

Nəticə etibarilə, Türkiyə-Azərbaycan münasibətlərinin hədəfi strateji müttəfiqliyin ən yüksək səviyyəyə qaldırılmasıdır. Bu müttəfiqliyin əsas dayağı isə iqtisadi gücdür. Güclü iqtisadi baza iki qardaş ölkəyə yeni dünya düzənində Avrasiya məkanında qlobal və regional proseslərdə aktiv oyunçu statusu qazandırır. Enerji transformasiyası, nəqliyyat dəhlizləri və qarşılıqlı investisiyalar üzərindən qurulan bu model, Türkiyə-Azərbaycan tandemini sadəcə regional tərəfdaş deyil, formalaşan yeni geosiyasi arxitekturanın aparıcı aktorlarından birinə çevirir.

Ümumilikdə forumun əsas mesajı aydındır: “Güclü Türkiyə-güclü Azərbaycan” şüarı artıq siyasi ritorika deyil, konkret layihələr, rəqəmlər və inteqrasiya mexanizmləri ilə möhkəmlənən yeni iqtisadi reallıqdır. Bu reallıq təkcə iki ölkəyə deyil, bütün regionda sabitlik və rifah arxitekturasına xidmət edir.

Mürtəza

Seçilən
25
2
olke.az

3Mənbələr