AZ

Orqanizmi daha çox kalori yandırmağa məcbur edən molekullar YARADILDI

ain.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sidney Texnologiya Universitetinin alimləri hüceyrələrin daha çox enerji sərf etməsinə şərait yaradan və arıqlama prosesini sürətləndirə biləcək yeni molekullar hazırlayıblar.

Redaktor.az xəbər verir ki, tədqiqatın nəticələri "Chemical Science" jurnalında dərc olunub.

Araşdırma mitoxondrial “ayırıcılar” adlanan maddələr üzərində aparılıb. Normal şəraitdə mitoxondrilər qida maddələrini hüceyrələr üçün əsas “yanacaq” olan ATP-yə çevirir. Ayırıcı maddələr isə bu prosesi qismən pozaraq enerjinin bir hissəsinin ATP şəklində yığılmasının qarşısını alır və onun istilik kimi yayılmasına səbəb olur. Nəticədə hüceyrə enerji ehtiyacını ödəmək üçün daha çox yağ və digər maddələri sərf etməyə məcbur qalır.

Bu tip birləşmələr elmə təxminən yüz ildir məlumdur. Lakin əvvəllər istifadə edilən, o cümlədən 2,4-dinitrofenol adlı maddə son dərəcə zəhərli olub, maddələr mübadiləsini həddindən artıq sürətləndirərək orqanizmin həddindən artıq qızmasına və ölüm hallarına səbəb olduğu üçün qadağan edilib. Bu maddələrin təhlükəsi “faydalı” və zərərli doza arasındakı fərqin çox kiçik olması ilə əlaqəli idi.

Yeni tədqiqatda alimlər “yumşaq ayırıcılar” adlandırılan daha təhlükəsiz molekullar yaradıblar. Onların əsasını mitoDNP (DNP–trifenilfosfin konjugatları) təşkil edir. Kimyəvi quruluşun dəyişdirilməsi yolu ilə alimlər bu molekulların mitoxondrilərə təsir gücünü dəqiq tənzimləyə biliblər.

Araşdırma göstərib ki, bu “yumşaq ayırıcılar” maddələr mübadiləsini hüceyrələrin öhdəsindən gələ biləcəyi səviyyədə sürətləndirir və eyni zamanda yaşlanma ilə əlaqəli olan oksidləşdirici stressi azaldır.

Tədqiqatçılar bildirirlər ki, layihə hələ ilkin mərhələdədir. Bununla belə, əldə edilən nəticələr gələcəkdə maddələr mübadiləsi pozuntuları və yaşla bağlı xəstəlikləri olan insanlar üçün enerji sərfini təhlükəsiz şəkildə artıra biləcək yeni nəsil dərmanların hazırlanmasına əsas yaradır.

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
1
redaktor.az

2Mənbələr