Bakı-Sumqayıt şosesinin Abşeron rayonu, Saray qəsəbəsindən keçən hissəsində avtobusda yanğın baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Qeyd edək ki, avtobuslarda yanğın xəbərlərinə az rast gəlinmir.
Bəs avtobusların yanma səbəbləri nələr ola bilər?
Redaktor.az-a danışan avtomobil ustası Sahil Ağabəylinin sözlərinə görə, yanğınlar adətən istismar müddətini başa vurmuş avtobuslarda baş verir:
"İli yeni, 5 ilə qədər olan avtobuslarda belə hallar çox nadir hallarda baş verir. Köhnə avtobusların da yanmasına səbəb naqillərində nasazlıqların olması və mühərrikdə turbo sisteminin düzgün işləməməsidir, yəni mühərrikxanada həddindən artıq çox istilik yaranması nəticəsində mühərrikin ətrafında olan hər hansı bir naqil sistemlərinə müdaxilə zamanı mühərrikə yaxın gələn hissələrdən alışmalar baş verir. Bunlara diqqət etmək lazımdır. Yanma səbəbi yalnız qluşitelin hər hansı bir yanıcı plastik hissələrə yaxın olması səbəbindən də ola bilər. Bu, sonradan edilən müdaxilələr nəticəsində baş verir. Zavod tərəfindən heç bir halda qluşitel sisteminə yaxın heç bir yanıcı plastik və yaxud da yanıcı heç bir naqil quraşdırılmır. Yanmalar yalnız sonradan müdaxilə olunması səbəbindən yaranır".
.png)
Usta avtobusların ön hissəsinin yanma ehtimalından da danışdı:
"Ola bilsin ki, daxili örtüklərin, yəni linoleum örtüklərinin dəyişdirilməsi zamanı hər hansı yivlərin, boltların naqillərin üzərindən və yaxud da yaxınlığından keçməsi nəticəsində belə hallar baş versin. Amma bu hallar faiz dərəcəsi ilə azdır.
İstismarı başa vurmuş avtobuslarda mühərrikxanada olan dizel yanacağının ətrafa yayılması və yaxud da mühərrikxanada yağların çölə çıxması nəticəsində, turbonun ətrafında olan 300, 400, hətta 700 dərəcəyə çatan istiliklərdən mühərrikin ətrafında olan hər hansı yanıcı maddələr, dizel axıntısı və yaxud da yağ axıntısı nəticəsində yanmalar baş verir.
Hər hansı bir dizel yanacağının borularının sıradan çıxması nəticəsində, bunun orijinalından istifadə etmədiklərinə görə, bazarda ucuz qiymətə metrajla satılan şlanqlardan, yəni borulardan istifadə edirlər. O da dizel və yaxud da yağ üçün hesablanmayıb. Bunların sıradan çıxması nəticəsində də alışmalar baş verir. Bunların hamısı da istifadə müddəti başa vurmuş avtobuslara şamildir".
Aytəkin TOFİQQIZI