
Bu fikirləri politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlamasında söyləyib:
"Bunun ardınca Azərbaycan qlobal logistika və nəqliyyat layihələrində iştirak edib. Nəzərə alsaq ki, TANAP-TAP layihəsi, Bakı-Tbilisi-Qars dəmir yolu, o cümlədən Orta Dəhlizin əsas komponentlərindən olan Zəngəzur dəhlizi ilə bağlı atılan addımlar, eləcə də Beynəlxalq Dəniz Limanının tikintisi və Orta Dəhlizin əsas hissəsi olaraq yüklərin Azərbaycan ərazisindən daşınması kimi proseslər bu dövrdə baş verib - bütün bunlar Prezident İlham Əliyevin apardığı siyasətin nəticələridir.
Eyni zamanda balanslı xarici siyasət Azərbaycanın dünyanın müxtəlif güc mərkəzləri ilə normal tərəfdaşlıq münasibətləri qurmasına imkan yaradıb. Belə ki, həm ABŞ-la strateji əməkdaşlıq istiqamətində atılan addımlar, Çinlə strateji tərəfdaşlıq münasibətləri, Rusiya ilə eyni səviyyəli əlaqələr, Türkiyə ilə Şuşa Bəyannaməsi ilə təsbit olunan müttəfiqlik münasibətləri, Avropa İttifaqı və Avropa ölkələrindən ondan artıq dövlətlə imzalanmış strateji tərəfdaşlıq sazişləri, həmçinin Böyük Britaniya, İsrail, İtaliya və s. kimi ölkələrlə yüksək səviyyəli münasibətlər Azərbaycanın dövlət kimi nüfuzunu artırır.
Eyni zamanda Azərbaycan uzun müddət Qoşulmama Hərəkatına rəhbərlik edib və bu müddət ərzində ciddi uğurlara imza atıb, təşkilatın institusional inkişafına töhfə verib və onun fəaliyyətini gücləndirib. Bundan başqa, Azərbaycan Türk Dövlətləri Təşkilatının əsas aparıcı və önəmli ölkələrindən birinə çevrilib. Bütün bunlar məhz bu dövr ərzində atılan addımlardır və Azərbaycanın beynəlxalq imicinə, eləcə də regiondakı mövqeyinə müsbət təsir göstərib".
Zeynəb Mustafazadə