Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Donetsk vilayətinin Seversk rayonu ərazisində rus pilotsuz uçuş aparatları (PUA) operatorlarının fəaliyyət göstərdiyi binaya aviazərbə endirib. Eyni zamanda Ukrayna bölmələri Pokrovsk–Mirnoqrad istiqamətində aktiv döyüş əməliyyatlarını davam etdirir.
Bizim.Media xəbər verir ki, bu barədə “Şərq” qoşun qruplaşması Facebook səhifəsində məlumat yayıb.
Bildirilir ki, Ukrayna aviasiyası, xüsusilə, Kotlyarovka və Qriqorovka rayonlarında düşmən şəxsi heyətinin cəmləşdiyi mövqeləri vurub.
Son sutka ərzində “Şərq” qoşun qruplaşmasının məsuliyyət zonasunda Müdafiə Qüvvələrinin bölmələri rus işğalçılarının 52 hücumunu dəf edib. Qeyd olunur ki, düşmən ciddi itkilər verir.
Həmçinin “Şərq” qruplaşmasının məlumatına görə, Pokrovsk istiqamətində Ukrayna döyüşçüləri Nikanorovka, Rodinskoye, Krasnıy Liman, Mirnoqrad, Pokrovsk, Kotlino, Udaçnoye, Molodetskoye, Novosergeyevka, Orexovo və Daçnoye yaşayış məntəqələri yaxınlığında rusların 34 hücum cəhdini dayandırıblar. Bu istiqamətdə müdafiəçilər 62 işğalçını məhv edib, daha 24 düşmən hərbçisini yaralayıb, 18 dronu, üç ədəd avtomobil texnikasını və iki artilleriya qurğusunu sıradan çıxarıb, bir tankı, dörd avtomobil texnikasını, bir artilleriya sistemini və düşmənin şəxsi heyətinin gizləndiyi 11 sığınacağı vurublar.
Bundan əlavə, “Şərq” qruplaşması vurğulayıb ki, Pokrovskun müdafiəsi davam edir. Ukrayna qoşunları şəhərin şimal hissəsinə nəzarəti saxlayır. Mirnoqradda isə müdafiəçilər müdafiə xətlərini qoruyur və şəhərə yaxınlaşan rus qüvvələrini məhv edirlər.
Daha əvvəl Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Donetsk vilayətində yerləşən Seversk yaşayış məntəqəsindən Ukrayna müdafiəçilərinin geri çəkildiyini bildirib. Şəhər ətrafında ağır döyüşlər davam edir.
Baş Qərargahın məlumatına görə, bu qərar hərbçilərin həyatını qorumaq və bölmələrin döyüş qabiliyyətini saxlamaq məqsədilə qəbul olunub.
Qeyd edilir ki, Seversk uğrunda gedən döyüşlər zamanı Ukrayna müdafiəçiləri düşməni ciddi şəkildə tükəndiriblər.
Bizim.Media