AZ

Türk politoloq: Azərbaycanın prinsipial və şəffaf siyasəti Cənubi Qafqazda sülh yolunu açıb

Bakı, 24 dekabr, Səbinə Əlizadə, AZƏRTAC

Azərbaycanın Vətən müharibəsində və sonrakı dövrdə aparılan siyasi-diplomatik proseslərdə prinsipial, ardıcıl və etibarlı xətt nümayiş etdirdiyi beynəlxalq səviyyədə aydın şəkildə görünür. Bakı dostunu və rəqibini açıq şəkildə müəyyən edən, münasibətlərini milli suverenlik və müstəqillik prinsipləri əsasında, şəffaf və tutarlı formada quran aktor kimi çıxış edib.

Bunu AZƏRTAC-a açıqlamasında türk politoloq, beynəlxalq münasibətlər üzrə ekspert Hüsamettin İnanç bildirib.

Onun sözlərinə görə, Azərbaycan bu proseslərdə heç bir ölkəyə qarşı düşmənçilik nümayiş etdirməyib, gizli gündəmlər irəli sürməyib və öz strateji hədəflərini, hərbi-siyasi planlamasını dünya ictimaiyyətinə açıq şəkildə təqdim edib. “Bu yanaşma Azərbaycanın etibarlı tərəfdaş və sözünün sahibi olan dövlət kimi mövqeyini daha da möhkəmləndirib. Prezident İlham Əliyev və Azərbaycan dövləti verdiyi vədlərə sadiqliyi, imzalanan razılaşmaların arxasında qətiyyətlə dayanması ilə regionda fərqlənən liderlik modeli ortaya qoyub”, - deyə politoloq vurğulayıb.

“ABŞ-da aparılan danışıqlar zamanı Ermənistan rəhbərliyi anladı ki, Vaşinqtonun əsas məqsədi Cənubi Qafqazda təsir imkanlarını genişləndirmək, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq, regionda sülh, sabitlik və rifahı təmin etməkdir”, - deyə deputat vurğulayıb.

O, Paşinyanın son dövrdə atdığı bir sıra addımların Ermənistan daxilində ciddi müqavimətlə qarşılanmasına baxmayaraq, strateji əhəmiyyət daşıdığını bildirib. Politoloq erməni diasporuna və radikal dairələrə qarşı çıxış edərək, tarixi məsələlər və regional reallıqlarla bağlı daha rasional mövqe ortaya qoymağın mühüm dönüş nöqtəsi olduğunu vurğulayıb.

Hüsamettin İnanç əlavə edib ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunan razılaşma və tranzit marşrutları ilə bağlı qərarlar regionda geosiyasi baxımdan mühüm dəyişiklik yaradıb. Ermənistana Azərbaycan üzərindən tranzitə razılıq verilməsi təkcə iqtisadi deyil, həm də siyasi baxımdan əhəmiyyətli mərhələdir və bu, Naxçıvanın Azərbaycanla, Azərbaycanın isə bütövlükdə Türk dünyası ilə bağlantısının güclənməsinə xidmət edir.

Ekspert qeyd edib ki, regionda bu müsbət prosesi pozmağa çalışan qüvvələr də mövcuddur. “Xüsusilə Rusiya Cənubi Qafqazda təsir imkanlarını qorumağa çalışır. Buna görə də həm Azərbaycan, həm də Ermənistan bundan sonra daha ehtiyatlı və məsuliyyətli addımlar atmalıdır”, – deyə o bildirib.

Hüsamettin İnançın fikrincə, Cənubi Qafqaz qlobal və regional geosiyasətdə mühüm mövqeyə malikdir və Qərb üçün həm Qafqaza, həm də Orta Asiyaya açılan əsas qapılardan biridir. “Bu baxımdan, Türkiyə və Azərbaycanın Paşinyanın müsbət xəttini dəstəkləməsi, prosesi sürətləndirməsi və asanlaşdırması regionda sabitliyin möhkəmlənməsi baxımından olduqca önəmlidir”, – deyə politoloq vurğulayıb.

Seçilən
9
1
azertag.az

2Mənbələr