Dörd ilə yaxındır ki, Rusiya-Ukrayna müharibəsi davam etməkdədir. Bu dövr ərzində atəşkəs və sülhün bərqərar olması üçün müxtəlif versiyalar irəli sürülsə də, effektiv nəticə əldə olunmayıb.
Hətta bir sıra güc mərkəzlərinin irəli sürdüyü təkliflər belə problemin həllinə səbəb ola bilməyib. Əksinə müharibənin davam etməsini istəyən Avropa İttifaqı Ukraynaya iki il müddətinə, öz büdcəsi hesabına maliyyələşdirilən 90 milyard avro həcmində faizsiz kredit ayırmağa razılaşıb.
Beynəlxalq çağırışların Ukrayna daxil, digər bölgələrdə də davam edən müharibələri dayandıra bilməməsi üçün aktual məsələlərdən biridir.
Bu kontekstdə maraqlıdır ki, müharibəni necə dayandırmaq olar? Müharibənin uzanması beynəlxalq hüququn ciddiliyinə kölgə salırmı? Müharibələrin qarşısını almaq üçün hansı addımlar effektiv nəticə verə bilər?
Politoloq Kamran Məmmədli Bakıvaxtı.az-a açıqlamasında bu sualları cavablandırıb.
Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsinin üçüncü ilini geridə qoyması və beynəlxalq birliyin bu qanlı prosesi dayandıra bilməməsi müasir dünya nizamının və beynəlxalq hüququn nə dərəcədə böyük bir böhran içində olduğunu göstərir:
"Müharibənin dayandırılmasının yeganə real yolu "güc yolu ilə sülh" formulundan keçir. Tarixi təcrübə və mövcud geosiyasi reallıq sübut edir ki, təcavüzkar tərəf diplomatik çağırışlara deyil, yalnız sahədəki hərbi balansın onun əleyhinə kəskin dəyişməsinə reaksiya verir. Bu baxımdan Avropa İttifaqının ayırdığı 90 milyard avroluq maliyyə yardımı və digər hərbi dəstəklər müharibəni uzatmaq deyil, Ukraynanın müdafiə qabiliyyətini artıraraq Rusiyanı real danışıqlar masasına oturmağa məcbur etmək məqsədi daşıyır".
K.Məmmədli hesab edir ki, müharibənin bu qədər uzanması beynəlxalq hüququn ciddiliyinə nəinki kölgə salır, hətta BMT Nizamnaməsi başda olmaqla bütün qlobal təhlükəsizlik mexanizmlərinin effektivliyini sual altına qoyur. Lakin burada Moskvanın öz hərbi müdaxilələrini əsaslandırarkən istifadə etdiyi nümünələr mühüm rol oynayır.
"Kreml tez-tez ABŞ-nin keçmişdəki addımlarına - 1999-cu ildə NATO-nun Yuqoslaviya bombardmanları, 2003-cü ildə BMT mandatsız İraqa müdaxilə və Kosovonun müstəqilliyinin tanınması prosesinə istinad edir. Rusiyanın bu nümunələrdən "örnək" alaraq öz işğalçı siyasəti üçün bəhanələr gətirir. Əslində heç də yanlış bəhanələr deyil. Bu nizamı ilk pozan və beynəlxalq qaydaları tapdalayan, bu gün Rusiyanın işğalçı siyasətinə haqq qazandıran da məhz bu tarixi hadisələr olub. Bu səbəbdən gələcəkdə bu növ müharibələrin qarşısını almaq üçün, ilk növbədə, beynəlxalq təhlükəsizlik qurumlarının, xüsusilə BMT Təhlükəsizlik Şurasının struktur islahatlarına ehtiyac var. Təcavüzkar dövlətin veto hüququndan istifadə edərək özünü cəzasızlıq zirehinə bürüməsi mexanizmi ləğv edilməlidir", - deyə müsahibimiz bildirib.
.jpg)
Kamran Məmmədli, politoloq
Politoloq vurğulayıb ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın "dünya 5-dən böyükdür" şüarı ilə BMT-də 5 ölkənin veto qoymaq hüququ əlindən alınmalı və yeni sistem yaradılmalıdır:
"Əks halda bu cür cinayət və işğallar istər Rusiya, istər Çin, istərsə də ABŞ və onun müttəfiqləri tərəfindən törədilməyə davam edəcək. Bu yaxınlarda Qəzzada İsrailin törətdiyi soyqırım da buna nümünədir. Hesab edirəm ki, sülh yalnız təcavüzün hər bir aktının, kim tərəfindən törədilməsindən asılı olmayaraq, baha başa gəldiyi bir mühitdə bərqərar ola bilər".
Gülşən Şərif