AZ

Hakan Fidan və HƏMAS heyəti Qəzza üzrə atəşkəs prosesini müzakirə edib

BAKI, TurkicWorld , Nailə Babazadə

Türkiyə xarici işlər naziri Hakan Fidan HƏMAS-ın Siyasi Büro üzvü Xəlil əl-Həyyənin rəhbərlik etdiyi HƏMAS nümayəndə heyəti ilə Ankarada görüşüb.

TurkicWorld xəbər verir ki,Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələrin verdiyi məlumata görə, bu gün Ankarada keçirilən görüşdə Qəzzadakı mövcud vəziyyət ətraflı şəkildə müzakirə olunub. Xüsusilə Qəzza üzrə sülh planının ikinci mərhələsinə keçid prosesi ilə bağlı fikir mübadiləsi aparılıb.

Nazir Hakan Fidan Türkiyənin fələstinlilərin hüquqlarını beynəlxalq platformalarda qətiyyətlə müdafiə etməyə davam etdiyini vurğulayıb. O, Qəzzada yaşanan humanitar faciənin yüngülləşdirilməsi məqsədilə Türkiyənin həyata keçirdiyi sığınacaq və humanitar yardım fəaliyyətləri barədə nümayəndə heyətinə məlumat verərək, bölgədə yaraların sarılması istiqamətində Ankaranın mövqeyinin dəyişməz olduğunu bildirib.

Görüş zamanı HƏMAS nümayəndə heyəti atəşkəs prosesi çərçivəsində üzərlərinə düşən bütün öhdəlikləri yerinə yetirdiklərini qeyd edib. Bununla yanaşı, İsrailin Qəzzaya hücumları davam etdirdiyinə diqqət çəkən heyət, bu addımların sülh planının ikinci mərhələsinə keçidi əngəlləməyə yönəlmiş strategiya olduğunu vurğulayıb.

Qəzzaya daxil olan humanitar yardımların yetərsizliyinə də toxunulub. HƏMAS rəsmiləri bölgəyə girişinə icazə verilən yük maşınlarının təxminən 60 faizinin kommersiya malları daşıdığını, bunun isə əhalinin əsas ehtiyaclarının ödənilməsindən uzaq olduğunu bildiriblər. Xüsusilə dərman, əsas ərzaq məhsulları, sığınacaq materialları və yanacaq təminatında ciddi çatışmazlıqların olduğu qeyd edilib və bu problemlərin təcili həllinin vacibliyi vurğulanıb.

Görüşün mühüm gündəm mövzularından biri də fələstinli qruplar arasında uzlaşma prosesi olub. Fələstin daxili siyasətindəki son vəziyyət və İordan çayının qərb sahilindəki proseslər müzakirə edilib, İsrailin bu bölgədə həyata keçirdiyi addımların qəbuledilməz olduğu xüsusi olaraq qeyd olunub.

Seçilən
16
turkic.world

1Mənbələr