Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın Sankt-Peterburq şəhərində Avrasiya Ali İqtisadi Şurasının iclasında iştirak edib. Nikol Paşinyan eyni zamanda Sankt-Peterburqda erməni diasporu ilə görüşüb. Baş nazir çıxışlarında müasir Ermənistanın dövlət maraqlarını ön plana çıxarıb, lakin görüş soyuq keçib və Paşinyan diaspor tərəfindən tənqid olunub. Səfər zamanı Paşinyan tarixi Ermənistan anlayışı ilə müasir dövlətçiliyi fərqləndirərək, praktik siyasət yürüdəcəyini vurğulayıb.
Paşinyanın Sankt-Peterburqda erməni diasporu tərəfindən soyuq qarşılanması, bir baxışda adi diplomatik etiket çərçivəsində baş vermiş kiçik bir hadisə kimi görünə bilər. Lakin vəziyyətin mahiyyətinə daha yaxından baxdıqda, bu reaksiyanın daha dərin siyasi və ideoloji fərqliliklərin açıq göstəricisi olduğu aydın olur. Uzun illər ərzində Ermənistanın xaricdəki əsas dayaqlarından biri sayılan diaspor bu dəfə mövcud hakimiyyətə qarşı açıq bir məsafə nümayiş etdirib. Əslində iki tərəf arasında münasibət uzun müddətdir gərgin idi. Xüsusilə 2020-ci ildə İkinci Qarabağ Müharibəsi zamanı və sonra Paşinyanın Azərbaycanla sülh sazişi üzrə apardığı siyasət diasporun böyük hissəsində narazılıq yaradıb. Diaspor nümayəndələri, xüsusilə ABŞ və Fransadakı erməni icmaları, Paşinyanı milli maraqları yetərincə müdafiə etməməkdə ittiham edirlər. İşin əsli isə Paşinyanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıması ilə bağlıdır. Çünki bu, diasporun Qarabağ kartının əlindən çıxması, kiçik ianələr hesabına erməni dövlətinə təsir imkanlarının zəifləməsi deməkdir. Paralel olaraq isə Qarabağda qanunsuz biznes və külli miqdarda gəlirlərin dayanması mənasına da gəlir. Bununla yanaşı, Paşinyan öz növbəsində diasporun bəzi mövqelərini Ermənistanda daxili siyasətə müdaxilə kimi qiymətləndirir. Nəticədə, hökumət-diaspor münasibətləri etimad böhranı və fikir ayrılığı səviyyəsinə yüksəlib, bu da Ermənistanın həm daxili, həm də xarici siyasətinə təsir göstərir.
Səfər zamanı Paşinyanın çıxışında səsləndirdiyi "Virtual dialoqda tarixi Ermənistan mənə deyir: mənim yolumla getmə, Ermənistan Respublikasını tarixi Ermənistanın bir hissəsinə çevirmə, çünki o əsl dövlətdir" açıqlaması onun ideoloji və siyasi mövqeyini aydın şəkildə göstərir. Burada o, tarixi Ermənistan anlayışı ilə müasir Ermənistan Respublikasını fərqləndirir. Paşinyan vurğulayır ki, mövcud dövləti qorumaq və onun maraqlarını təmin etmək tarixi iddialardan daha önəmlidir. Bu, onun lider kimi reallıqlara əsaslanan siyasət yürütmək niyyətini əks etdirir. Bu yanaşma Azərbaycanla sülhün əldə olunması və regionda iqtisadi, nəqliyyat və enerji layihələrində iştirak perspektivləri ilə bağlıdır. Münaqişədən sonra regionda Azərbaycan daha fəal rol oynayır, kommunikasiya xətləri və tranzit marşrutları üzrə reallıqlar formalaşıb. Paşinyan bu kontekstdə Ermənistanın iqtisadi inkişafını və regional inteqrasiyasını təmin etmək üçün real imkanlara üstünlük verir, tarixi iddialardan çox praktik və strateji addımlara önəm verir. Bu yolla özünütəcrid siyasətini başa çatdırmaq niyyətini ortaya qoyur. Beləliklə, o, Ermənistanın regionda sülh və əməkdaşlıq şəraitində mövqeyini gücləndirməyə çalışır. Eyni zamanda, çıxışın ideoloji tərəfi də diqqət çəkir: Paşinyan, diasporun bir qismi tərəfindən vurğulanan tarixi Böyük Ermənistan ideyasına tabe olmamaqla, müasir Ermənistan dövlətçiliyinin möhkəmləndirilməsini və praktik siyasəti prioritetləşdirir. O, özünü həm daxili auditoriyaya, həm də xarici erməni icmasına, reallıq və dövlət maraqlarını ön plana qoyan lider kimi təqdim edir. Həmçinin, Paşinyanın çıxışında 2021-ci ilin avqustunda qəbul edilmiş hökumət proqramına istinad etməsi onun siyasətini rəsmi çərçivəyə yerləşdirir və onun çıxışını yalnız ideoloji deyil, həm də praktik əsaslandırılmış addım kimi göstərir.
Səfər zamanı diaspor tərəfindən soyuq qarşılanma və tənqidlər Paşinyan üçün ciddi siqnaldır. Bu hadisə göstərir ki, Paşinyan və onun rəhbərlik etdiyi hökumət ilə diaspor arasında etimad boşluğu mövcuddur. Soyuq qarşılanma yalnız emosional reaksiya deyil, həm də gələcəkdə maliyyə və diplomatik dəstək baxımından riskin göstəricisidir. Bu səbəbdən də yaxın günlərdə tərəflər arasında münasibətlərin daha da gərginləşəcəyini proqnozlaşdırmaq olar. Diaspora nümayəndələri onun Qarabağ və tarixi məsələlərdə apardığı siyasətə narazılıqlarını açıq şəkildə ifadə edirlər ki, bu da əslində Ermənistandakı revanşist qüvvələrlə eyni fikirdə olduqlarını təsdiqləyir. Ehtimal da etmək olar ki, revanşist qüvvələri qızışdıran və dəstəkləyən də məhz diaspordur. Amma nəzərə almaq lazımdır ki, regiondakı reallıqlar və Azərbaycanın artan iqtisadi və hərbi qüdrəti Paşinyanı reallığa əsaslanan, praktik siyasət yürütməyə vadar edir. Bu kontekstdə, onun diasporla münasibətləri soyumaqla yanaşı, regionda təhlükəsizlik və sülhü təmin etmək üçün strateji addımları önə çıxır, yəni diaspora narazılığı ilə Paşinyanın regiondakı reallıqlara uyğun siyasət yürütmə zərurəti arasında gərgin balans yaranır.
Erməni diasporu ilə münasibətlərin korlanması kontekstində həbsdə olan iş adamı Samvel Karapetyanın ətrafında formalaşan "Öz yolumuzla" hərəkatının aktivləşməsi Ermənistan siyasi mənzərəsində yeni və gərgin mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Hərəkatın 2026-cı il parlament seçkilərində Baş nazir postuna namizəd irəli sürəcəyini açıqlaması, müxalifətin indiyədək parçalanmış və təsirsiz olduğu bir dövrdə həm daxili, həm də beynəlxalq aləmdə diqqət cəlb etməsinə imkan yaradır. Seçki ilinin Ermənistanda gərgin keçəcəyi proqnozlaşdırıldığından, Karapetyan ətrafında formalaşan alternativ siyasi güc həm Paşinyan hökumətinə qarşı, həm də daxili müxalifət arasında yeni balansların yaranmasına səbəb ola bilər.
Karapetyan uzun illər ərzində iqtisadi resursları və xüsusilə xarici diasporla qurduğu sıx əlaqələr sayəsində təsir imkanlarına malik fiqur kimi tanınır; onun həbsdə olması isə hərəkatın ətrafında "siyasi təzyiqə məruz qalan alternativ güc" imicinin formalaşdırmaq üçün əsas bəhanə sayılır. Bu imic həm diasporun maliyyə və lobbi imkanlarını hərəkatın strateji planlarına cəlb etmək, həm də Kremlin Ermənistandakı təsirini hesablayaraq müəyyən planlar qurmaq baxımından vacibdir. Beləliklə, Karapetyanın hərəkatı yalnız daxili siyasi mübarizəni aktivləşdirmir, həm də regiondakı güc oyunlarını və xarici təsirlərin rolunu ön plana çıxarır, nəticədə 2026-cı il seçkiləri həm Ermənistanın daxili siyasətində, həm də regional geosiyasi kontekstdə kritik dönüş nöqtəsinə çevrilir. Samvel Karapetyan Ermənistan-Azərbaycan sülh prosesinə maneə törədə biləcək qüvvə kimi qiymətləndirilir. Onun xarici diasporla sıx əlaqələri və iqtisadi resursları müəyyən qruplar üçün təsir vasitəsi rolunu oynayır, bu da Paşinyanın reallığa əsaslanan siyasətinə alternativ kimi təqdim olunmasına imkan yaradır. Eyni zamanda, Karapetyanın bəzi mövqeləri və açıqlamaları Ermənistanla Azərbaycan arasında gedən sülh prosesini zəiflətmək və qarşılıqlı etimadı sarsıtmaq istiqamətində interpretasiya edilir. O, tarixi absurd iddiaları ön plana çıxarmaqla regionda mövcud reallıqlara uyğun inteqrasiya proseslərinə maneə törədə biləcək fiqur kimi görünür. Bu baxımdan, onun fəaliyyəti sülh və stabilliyin möhkəmlənməsinə deyil, qismən qütbləşmənin güclənməsinə xidmət edə bilər.
Diasporla Samvel Karapetyan arasında mümkün koordinasiya Ermənistanın siyasi gələcəyi baxımından ciddi risk daşıyır. Çünki bu birlik xarici qüvvələrin diktəsi ilə hərəkət edir və mənfi təsir potensialı ilə seçilir. Əgər diaspor Paşinyan hakimiyyətinə real alternativ axtarırsa, maliyyə, media və beynəlxalq lobbi imkanlarına malik bir fiqur ətrafında birləşməsi və Karapetyanı dəstəkləməsi real görünür. Amma nəzərdən qaçırmayaq ki, diaspor-Karapetyan cütlüyü xarici maraqların təsirinə tabedir və qərarlarını Ermənistanın, regionun strateji maraqları yox, xarici qüvvələrin diktəsi əsasında verir. Karapetyan uzun illər ərzində iqtisadi resurslarını və xarici diasporla əlaqələrini öz siyasi maraqlarına yönəldərək, regiondakı reallıqları görməzdən gələn, tarixi iddiaları ön plana çıxaran qüvvə kimi tanınıb. Bu cütlüyün fəaliyyəti yalnız Ermənistanın daxili siyasətinə təsir etmir, həm də Azərbaycanla sülh prosesinə və regionun iqtisadi inteqrasiyasına xələl gətirə bilər. Xarici lobbi və diaspor resurslarından istifadə edərək gərginliyi artırmaq, sülh danışıqlarını zəiflətmək və regional layihələrdə iştirak imkanlarını məhdudlaşdırmaq potensialı onları Ermənistan-Azərbaycan münasibətlərində mənfi aktor kimi təqdim edir. Nəticədə, bu koordinasiya Ermənistanın strateji mövqeyini zəiflətməklə yanaşı, Azərbaycan və region üçün də risklər yarada biləcək xarici təsirlərin aləti rolunu oynayır.
Bütün bu proseslər fonunda 2026-cı il parlament seçkilərinə gedən yolun gərgin və ziddiyyətli olacağı artıq indidən aydın görünür. Müxalifət yeni siyasi platformalarla diaspor dəstəyini və xarici resursları cəlb etməyə çalışır, lakin bu platformaların xarici təsir və maraqların aləti kimi fəaliyyət göstərmə ehtimalı, həm də sülh və regional inteqrasiya proseslərinə zərər verə biləcək riskləri gündəmə gətirir.
Paşinyan erməni diasporu və Samvel Karapetyanın təsirini azaltmaq üçün regionda sülhü və iqtisadi inteqrasiyanı qorumağa yönəlmiş addımlarını sürətləndirməlidir. Bunun isə əsası sülh müqaviləsinin imzalanması prosesini sürətləndirmək və Azərbaycanın haqlı tələblərini yerinə yetirmək (söhbət Konstitusiya dəyişikliyindən gedir), sərhədlərin demarkasiyası prosesini tezləşdirmək və rəsmi Bakının jestlərinə qarşılıq verməkdən keçir. Bu strategiya Azərbaycanla münasibətləri korlamadan, sülh və əməkdaşlığı prioritetə çevirərək, diaspor və Karapetyanın yaratmaq istədiyi gərginliyi neytrallaşdırmağa xidmət edir.
Kamil Məmmədov