Yaxın gələcəkdə Azərbaycanı padel tennisi üzrə beynəlxalq yarışlarda təmsil edəcək idmançılar görəcəyik.
Bunu "Report"a açıqlamasında Azərbaycanın tennis millisinin baş məşqçisi Yalçın Manaflı deyib.
İlk dəfə keçirilən padel tennisi üzrə ölkə çempionatı barədə danışan mütəxəssis yarışın yüksək səviyyədə baş tutduğunu bildirib:
"Yarışa maraq gözlədiyimizdən də artıq oldu. Təbii ki, ilk dəfə keçirildiyi üçün müəyyən çatışmazlıqlara rast gəlmək olardı. Lakin istəyimiz var ki, yarış gələcəkdə ənənəvi hal alsın. Təşkilatçılığa görə Gənclər və İdman Nazirliyi və Azərbaycan Tennis Federasiyasına təşəkkürümü bildirirəm. Nəticələr gözlədiyimiz kimi oldu. Özünü yaxşı tərəfdən göstərən tennisçilərə rast gəldik. Çalışırıq ki, ölkədə padel tennisinin kütləviliyinə nail olaq".
Y.Manaflı çempionatda çıxış edən tennisçilərin gələcəkdə beynəlxalq yarışlarda Azərbaycanı təmsil edə biləcəklərini vurğulayıb:
"Perspektivli tennisçilər var. Sadəcə, çox işləməliyik. Ölkə birinciliyi mütəmadi olaraq keçirilsə, idmançıların təcrübələri artar. İnanırıq ki, yaxın gələcəkdə Azərbaycanı padel tennisi üzrə beynəlxalq yarışlarda təmsil edəcək idmançılar görəcəyik. Hazırda bəzi tennisçilər müəyyən beynəlxalq yarşılara qatılırlar. Lakin istəyimiz daha böyük uğurlara imza atmaqdır".
Qeyd edək ki, Bakı Tennis Akademiyasında təşkil olunan Azərbaycan birinciliyində 32 kişi və 12 qadın idmançı mübarizə aparıb.