AZ

Şahin Bayramov: Prezidentimizin memarı olduğu Qarabağ Universitetində növbəti tarixi gün yaşandı

Xankəndi, 24 dekabr, T.Ağaməmmədov, AZƏRTAC

Ötən gün - dekabrın 23-də Prezident İlham Əliyevin Qarabağ Universitetinə növbəti səfəri professor-müəllim və tələbə heyətimizin böyük sevincinə səbəb oldu və hər birimizi qürurlandırdı. Dövlət başçımız universitetimizin Biznes və iqtisadiyyat fakültəsinin yeni inşa olunmuş binasının açılışında iştirak etdi və Mühəndislik fakültəsinin binasının təməlini qoydu. Prezidentimizin memarı olduğu Qarabağ Universitetində növbəti tarixi gün yaşandı. Məhz bu tarixi günlər Prezidentimizin ali təhsilin inkişafına verdiyi yüksək dəyərin, xüsusilə də azad edilmiş ərazilərdə müasir və rəqabətqabiliyyətli universitet modelinin qurulmasına yönəlmiş ardıcıl, sistemli və strateji yanaşmasının bariz təzahürüdür.

Bunu AZƏRTAC-a açıqlamasında Qarabağ Universitetinin rektoru Şahin Bayramov söyləyib.

Rektor deyib: “Eyni zamanda, qürurluyuq ki, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsindən dərhal sonra Müzəffər Ali Baş Komandanımız tərəfindən yaradılmış Qarabağ Universiteti qısa müddətdə sürətli inkişaf yoluna çıxmışdır. İkinci tədris ilində fəaliyyətini davam etdirən universitetimiz hazırda milli ali təhsil məkanında özünəməxsus xüsusiyyətləri, keyfiyyət əsaslı vizyonu və ilkin akademik nailiyyətləri ilə seçilir. Azad edilmiş torpaqlarda elmi-intellektual potensialı formalaşdıran və gücləndirən Qarabağ Universiteti yüksəkixtisaslı kadr hazırlığı, nəticəyönümlü tədqiqatları, səmərli innovativ həlləri və faydalı sosial təşəbbüsləri ilə cəmiyyətin hərtərəfli inkişafına xidmət edən akademik mərkəzə çevrilməyi hədəfləyib və bu yolda inamla irəliləyir”.

Ş.Bayramov bildirib ki, Biznes və iqtisadiyyat fakültəsinin müasir standartlara cavab verən yeni inşa olunmuş binası, eləcə də Mühəndislik fakültəsi üçün təməli qoyulan və qısa müddətə istifadəyə verilməsi nəzərdə tutulan bina Qarabağ Universitetində maddi-texniki bazanın mərhələli və sistemli şəkildə gücləndirildiyini, müasir kampus modelinin ardıcıl şəkildə formalaşdırıldığını bir daha təsdiqləyir. Bütün bunlar universitetin qarşısına qoyulmuş strateji hədəflərə çatmasına imkan verən zəruri potensialın inkişafına misilsiz töhfədir. Belə ki, Biznes və iqtisadiyyat fakültəsinin yeni binası tələbəyönümlü yanaşmaya əsaslanan, praktiki bacarıqların inkişafını və innovativ tədris metodlarının tətbiqini təşviq edən akademik mühitin formalaşmasına geniş imkanlar yaradır. İnanırıq ki, Mühəndislik fakültəsi üçün yeni inşa ediləcək bina yüksək akademik biliyə, müasir texnoloji bacarıqlara və innovativ düşüncəyə malik mühəndis kadrların hazırlanmasına xidmət etməklə, ölkəmizdə mühəndislik təhsilinin keyfiyyətcə yeni səviyyəyə yüksəldilməsində mühüm rol oynayacaq.

“Xüsusi vurğulamaq lazımdır ki, Prezidentimizin qarşımıza qoyduğu vəzifələr və verdiyi tapşırıqlar Qarabağ Universitetinin strateji inkişaf yolunu daha da aydınlaşdırmış oldu. Qarabağ Universitetinin kollektivi olaraq, göstərilən yüksək diqqət və qayğıya görə bir daha Prezidentimizə dərin minnətdarlığımızı ifadə edirik. Şərəfli və məsuliyyətli missiyanı layiqincə yerinə yetirmək üçün professor-müəllim və tələbə heyətinin potensialını səfərbər edəcəyik” – deyə, Şahin Bayramov bildirib.

 

 

Seçilən
21
azertag.az

1Mənbələr