AZ

Müstəqil Azərbaycanın son iyirmi ildən artıq inkişaf mərhələsi Prezident İlham Əliyevin adı ilə birbaşa bağlıdır RƏY

Bakı, 24 dekabr, AZƏRTAC

Müstəqil Azərbaycan dövlətinin son iyirmi ildən artıq inkişaf mərhələsi Prezident İlham Əliyevin adı ilə birbaşa bağlıdır. Bu dövr yalnız sosial-iqtisadi tərəqqi ilə deyil, eyni zamanda, milli dövlətçiliyin möhkəmləndirilməsi, beynəlxalq mövqelərin gücləndirilməsi, ən başlıcası isə ölkənin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə səciyyələnir. Prezident İlham Əliyev siyasi lider kimi qarşıya qoyduğu strateji hədəfləri ardıcıl, sistemli və qətiyyətli şəkildə reallaşdıraraq Azərbaycan tarixində qurucu, islahatçı və qalib Lider obrazını formalaşdırıb. Onun “Prezident kimi fəaliyyətimin əsas məqsədi Azərbaycanın ərazi bütövlüyünü bərpa etməkdir” bəyanatı siyasi ritorika deyil, uzunmüddətli dövlət strategiyasının ideoloji əsasını təşkil edir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik kursunun davamı olaraq Prezident İlham Əliyev 2003-cü ildən etibarən ordu quruculuğunu dövlət siyasətinin prioritet istiqamətinə çevirib. Milli Ordunun maddi-texniki bazasının gücləndirilməsi, peşəkar kadr potensialının formalaşdırılması, hərbi qulluqçuların sosial müdafiəsinin yüksəldilməsi və müdafiə sənayesinin yaradılması planlı şəkildə həyata keçirilib. Azərbaycanın hərbi sənaye kompleksinin formalaşdırılması nəticəsində mindən artıq hərbi təyinatlı məhsul istehsal olunur, pilotsuz uçuş aparatları, zirehli texnika, atıcı silahlar və digər mühüm vasitələr yerli zavodlarda hazırlanır. Bu, ölkənin hərbi təhlükəsizliyinin daxili resurslar hesabına təmin olunmasına, eyni zamanda, strateji müstəqilliyin möhkəmlənməsinə xidmət edir. Təsadüfi deyil ki, Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer alıb. Bu çoxillik hazırlıq mərhələsi 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində tarixi nəticəsini verdi. Prezident İlham Əliyevin Ali Baş Komandan kimi nümayiş etdirdiyi qətiyyət, siyasi iradə və dəmir məntiq, xalqın misilsiz birliyi və Ordunun peşəkarlığı nəticəsində 44 gün ərzində düşmən üzərində tam Qələbə əldə olundu. Beş şəhər, dörd qəsəbə və 286 kənd işğaldan azad edildi, Şuşa kimi strateji və mənəvi əhəmiyyətə malik şəhərin geri qaytarılması isə bu Zəfərin rəmzinə çevrildi. Noyabrın 10-da Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu və bununla da 30 ilə yaxın davam edən işğal siyasəti iflasa uğradı. Prezident İlham Əliyevin dediyi kimi: “Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik”.

Vətən müharibəsi yalnız hərbi meydanda deyil, informasiya və diplomatiya cəbhəsində də qazanıldı. Prezident İlham Əliyevin müharibə dövründə dünyanın aparıcı media qurumlarına verdiyi 30-dan çox müsahibə beynəlxalq ictimai rəyin formalaşmasında həlledici rol oynadı. Bu müsahibələr XXI əsrin informasiya müharibəsi modelini müəyyənləşdirən yeni siyasi kommunikasiya nümunəsi kimi tarixə düşdü. Faktlara əsaslanan, hüquqi arqumentlərlə zəngin, qətiyyətli və prinsipial mövqeyi ilə Azərbaycan Prezidenti münaqişənin mahiyyətini dünya ictimaiyyətinə olduğu kimi çatdırmağa nail oldu. 2023-cü il 19 sentyabr tarixində həyata keçirilmiş lokal xarakterli antiterror əməliyyatı isə Azərbaycanın suverenliyinin tam bərpasını təmin etdi. Qarabağ iqtisadi rayonunda qanunsuz silahlı birləşmələr tərksilah edildi, konstitusiya quruluşu bərpa olundu və dövlət suverenliyi bütün ərazi üzrə təmin edildi. 23 aprel 2023-cü ildə Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması ilə Azərbaycan dövlət sərhədlərinin bütövlüyünü tam təmin etdi. 15 oktyabr 2023-cü ildə Prezident İlham Əliyevin Xankəndidə Azərbaycan Bayrağını qaldırması isə milli tariximizin simvolik və taleyüklü anlarından biri oldu. Qazanılmış Zəfər dövlət səviyyəsində əbədiləşdirilmişdir. “Zəfər” və “Qarabağ” ordenlərinin, 15 medalın təsis olunması, 160 minə yaxın Vətən müharibəsi iştirakçısının təltif edilməsi, 8 Noyabr – Zəfər Gününün və 20 Sentyabr – Dövlət Suverenliyi Gününün təsis edilməsi milli yaddaşın möhkəmləndirilməsinə xidmət edir. Bakıda Vətən Müharibəsi Memorial Kompleksi, Zəfər Parkı və Zəfər Muzeyi bu tarixi qələbənin institusional yaddaşa çevrilməsinin bariz nümunəsidir. Zəfər paradları isə Azərbaycan xalqının gücünü, Türk dünyası ilə strateji birliyini və regional güc statusunu bütün dünyaya nümayiş etdirmişdir.

Postmüharibə mərhələsində Prezident İlham Əliyevin liderliyi ilə “Böyük Qayıdış” strategiyası həyata keçirilir. 2022-ci ildə təsdiq olunmuş Böyük Qayıdışa dair I Dövlət Proqramı işğaldan azad edilmiş ərazilərin bərpasını Azərbaycanın 2030-cu ilədək beş milli prioritetindən biri kimi müəyyən edib. 2020-2026-cı illər ərzində bu məqsədlə dövlət büdcəsindən 25 milyard manatdan çox vəsait ayrılıb. Minatəmizləmə, yol-nəqliyyat infrastrukturu, enerji, su, sosial obyektlər və yaşayış məntəqələrinin salınması istiqamətində görülən işlər postmünaqişə dövrü üçün beynəlxalq miqyasda ən uğurlu modellərdən biri kimi qiymətləndirilir. Artıq 60 mindən çox insan Qarabağda və Şərqi Zəngəzurda yaşayır, çalışır və təhsil alır. Eyni zamanda, Prezident İlham Əliyevin “Mən hər zaman qazilərin yanında olacağam” prinsipinə əsaslanan sosial siyasəti postmüharibə dövrünün humanist mahiyyətini ortaya qoyur. Şəhid ailələri və müharibə iştirakçıları üçün geniş sosial dəstək paketləri icra olunub, minlərlə mənzil, avtomobil, müavinət və reabilitasiya xidməti təqdim edilib. “YAŞAT” Fondu bu siyasətin vətəndaş cəmiyyəti ilə birgə həyata keçirilməsinin səmərəli mexanizminə çevrilib. Nəticə etibarilə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yalnız qalib dövlət deyil, eyni zamanda, sülh, inkişaf və regional əməkdaşlıq təşəbbüslərinin müəllifi olan güclü siyasi aktora çevrilib. Qazanılmış Zəfər regionda yeni geosiyasi reallıqlar yaradıb, Cənubi Qafqazda davamlı sülh və iqtisadi inteqrasiya üçün real imkanlar açıb. Bu gün Azərbaycan xalqı öz Lideri ilə birlikdə tarixinin ən şərəfli mərhələsini yaşayır və əminliklə demək olar ki, Prezident İlham Əliyevin strateji baxışı sayəsində Azərbaycan qalib dövlət kimi əbədi yaşayacaq.

Seçilən
41
1
azertag.az

2Mənbələr