ain.az, Oxu.az portalına istinadən məlumat yayır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan Şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinə mediatur təşkil edilib.
Oxu.Az xəbər verir ki, media nümayəndələri müəssisədə yaradılan şəraitlə, burada əlilliyi olanlara göstərilən xidmətlərlə yaxından tanış olublar.
Bildirilib ki, mərkəzdə 15-29 yaşlı əlilliyi olan şəxslərin müxtəlif peşələr üzrə hazırlığı və müvafiq reabilitasiyası həyata keçirilir.
Onlar 3-6 aylıq kurslarda kompüter istifadəçisi, montaj operatoru, bədii oyma, xalçaçılıq, dərzilik, kişi və qadın bərbəri, toxuculuq, aşpaz köməkçisi, rəssamlıq, dulusçuluq və manikür üzrə peşə bacarıqlarına yiyələnirlər. Kursları uğurla bitirən şəxslərə peşə şəhadətnamələri verilir və əmək bazarına çıxışları üçün dəstək göstərilir.
Mərkəzə qəbul olunanlar burada dövlət hesabına yataqxana, yemək, sosial-psixoloji və tibbi-sosial xidmətlərlə təmin olunurlar. Müəssisədə gənclər peşə kursları ilə yanaşı, musiqi dərnəyi, dizayn dərnəyi, stolüstü oyunlar, paraolimpiya idman məşqlərinə də cəlb edilirlər.
Vurğulanıb ki, mərkəzdə 2025-ci ildə daha 445 nəfərə xidmət göstərilib. Onlardan 369 nəfəri peşə hazırlığı kurslarına, 76 nəfəri sosial reabilitasiya yönəldilib. Hazırda burada əlilliyi olan 130 gəncə müxtəlif sosial xidmətlər göstərilir.
Sonda qeyd olunub ki, agentlik tərəfindən mütəmadi olaraq mərkəzin yetirmələrinin əl işlərindən ibarət satış sərgiləri də təşkil olunur. Bu tədbirlərin məqsədi əlilliyi olan gənclərin yaradıcılıq bacarıqlarını geniş ictimaiyyətə tanıtmaq, cəmiyyətə inteqrasiyasını, eləcə də iqtisadi müstəqillik və özünəinamlarını gücləndirməkdir.


















Məlik Məlikov
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.