AZ

WSJ: Çin süni intellektin Kommunist Partiyasının hakimiyyətinə təhdid yaratmasından narahatdır...

Pekin çat-botların “uyğunsuz davranışının” qarşısını almaq üçün sərt qaydalar tətbiq edir, eyni zamanda ABŞ modelləri ilə rəqabət qabiliyyətini qorumağa çalışır...

Poliqon xəbər verir ki, The Wall Street Journal nəşrinin yazdığına görə, Çin hakimiyyəti süni intellektin ölkənin iqtisadi və hərbi gələcəyi üçün strateji əhəmiyyət daşıdığını qəbul etsə də, bu texnologiyanın cəmiyyətin sabitliyini və Kommunist Partiyasının hakimiyyətini sarsıda biləcəyindən ciddi şəkildə ehtiyat edir. Xüsusilə süni intellektə əsaslanan çat-botların müstəqil cavablar formalaşdırmaq qabiliyyəti Pekin üçün problem hesab olunur, çünki bu cavablar vətəndaşları partiyanın rolunu və legitimliyini sorğulamağa sövq edə bilər.

Məlumata görə, Çin hökuməti bu riski azaltmaq məqsədilə noyabr ayında yeni qaydalar qüvvəyə mindirib. Həmin qaydalara əsasən, süni intellektli çat-botlar ictimai istifadəyə buraxılmazdan əvvəl siyasi baxımdan filtrdən keçirilmiş məlumatlar əsasında təlim keçməli və ideoloji testdən keçməlidir. Eyni zamanda, süni intellekt vasitəsilə yaradılan bütün mətnlər, videolar və şəkillər açıq şəkildə işarələnməli və izlənilə bilən olmalıdır ki, arzuolunmaz kontent yayan şəxslərin müəyyən edilməsi və cəzalandırılması asanlaşsın.

WSJ yazır ki, rəsmi Pekin tənzimləmələri həddindən artıq sərtləşdirmək istəmir. Çünki bu, innovasiyaların zəifləməsinə və Çinin qlobal süni intellekt yarışında ABŞ-dən geri qalmasına səbəb ola bilər. ABŞ isə bu sahədə daha liberal tənzimləmə modelini tətbiq edir. Buna baxmayaraq, Çin rəhbərliyi süni intellektin nəzarətsiz inkişafına da imkan vermək niyyətində deyil. Dövlət mediasının məlumatına görə, bu ilin əvvəlində Çin lideri Si Cinpin süni intellektin “misli görünməmiş risklər” daşıdığını bildirib. Onun müavinlərindən biri isə təhlükəsizlik mexanizmləri olmayan süni intellekti “əyləcsiz avtomobillə magistralda hərəkət etməyə” bənzədib.

Nəşr qeyd edir ki, hazırda Çin bu iki yanaşma arasında tarazlıq tapmağa çalışır. Çin süni intellekt modelləri beynəlxalq reytinqlərdə yüksək mövqelər tutur və xüsusilə kompüter proqramlaşdırılması kimi sahələrdə rəqabət qabiliyyətli hesab olunur. Bununla yanaşı, bu modellər Tyananmen meydanındakı kütləvi qırğın, insan haqları problemləri və digər həssas mövzularla bağlı cavabları senzura edir. ABŞ-nin aparıcı süni intellekt modellərinin əksəriyyəti isə Çində əlçatan deyil.

Çindən kənarda fəaliyyət göstərən tədqiqatçılar da bildirirlər ki, Pekinin tənzimləmə yanaşmasının müəyyən üstünlükləri var. Onların fikrincə, Çin çat-botları bəzi göstəricilər üzrə daha təhlükəsizdir, zorakılıq və pornoqrafiya məzmunu daha azdır, həmçinin insanları özünə xəsarət yetirməyə təşviq etmə halları nadir hallarda müşahidə olunur.

Poliqon.info

Seçilən
23
poliqon.info

1Mənbələr