"Rusiya Azərbaycan ərazisindən tranzit yolu ilə Ermənistana çatdırılan yüklərin çeşidini genişləndirməyi düşünür".
Moderator.az-ın xəbərinə görə, bu barədə Rusiya baş nazirinin müavini Aleksey Overçuk "Rossiya 24" telekanalının efirində məlumat verib.
Məlumata görə, taxıldan əlavə, gübrə tədarükü, eləcə də Ermənistandan Rusiyaya geri yükdaşımaların təşkili müzakirə olunur.
"Mühüm bir hadisə baş verdi və biz bunu həqiqətən əhəmiyyətli hesab edirik - Rusiya taxılını daşıyan ilk qatar Azərbaycan və Gürcüstan ərazisindən Ermənistana keçdi. Yəni 30 ildən çox müddətdə İrəvana ilk dəfə, eləcə də Ermənistan və Azərbaycanın müstəqillik dövründən bəri ilk dəfə olaraq taxıl daşıyan ilk qatar keçdi", - deyə o bildirib.
Baş nazirin müavini qeyd edib ki, hazırda bu nəqliyyat dəhlizinin mineral gübrələr də daxil olmaqla, digər növ yüklərin daşınması üçün istifadə edilməsi imkanı araşdırılır.
Bundan əlavə, Overçuk xatırladıb ki, bu yaxınlarda Azərbaycandan Ermənistana neft məhsulları daşıyan qatar göndərilib. Paralel olaraq, Moskva və İrəvan əks istiqamətdə - Ermənistandan Rusiyaya Azərbaycan üzərindən tranzitlə daşınmaların təşkili perspektivini müzakirə edirlər.
Baş nazirin müavininin sözlərinə görə, bu cür addımlar hələ yaxın vaxtlara qədər, demək olar ki, qeyri-mümkün görünürdü, lakin indi praktik məzmun qazanmağa başlayır.
Xatırladaq ki, Rusiya buğdasının partiyası Ermənistan sərhəd dəmiryol stansiyası olan "Ayrum"a (Ermənistan-Gürcüstan sərhədi) noyabrın 5-də axşam, Qazaxıstan buğdası isə noyabrın 8-də çatıb. Bunlar 35 il ərzində Rusiyadan Azərbaycan üzərindən və ya onun ərazisindən keçməklə Gürcüstana və daha sonra Ermənistana (çünki Qazaxıstandan gələn buğda da Rusiya Federasiyası ərazisindən keçirdi) ilk birbaşa dəmiryol daşınmaları idi.