525.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Gülxani Pənah
Filologiya elmləri doktoru, dosent
Bu günlərdə 50 illiyi qeyd edilən Azərbaycan Memarlıq və İnşaat Unıversitetinin tarixinə nəzər saldıqda onun kifayət qədər ugurlu inkişaf yolu keçdiyini görürük. Əvvəlcə Bakı Politexnik İnstitutunun tərkibində inşaat fakültəsi kimi 1920-ci ildən fəaliyyətə başlayıb; 1930-1934-cü illərdə müstəqil İnşaat və Memarlıq İnstitutu statusu alıb. Qeyd edək ki, 1934-cü ildən başlayaraq Azərbaycan Sənaye İnstitutunun tərkibində də inşaaat-memarlıq sahələrini özündə birləşdrən fakultə olmuşdu. 1951-ci ildən Azərbaycan Politexnik İnstitutunun tərkibində inşaat-memarlıq yönümlü ixtisasları birləşdirən bir neçə fakültə kimi də fəaliyyət göstərdi. Ölkəmizdə elm və təhsilin inkişafına xüsusi qayğı göstərildikcə bir sıra yeni elm ocaqları da yaranmağa başladı. Onlardan biri də 1975-ci ildə yaradılan Azərbaycan İnşaat Mühəndisləri İnstitutu oldu. Azərbaycan İnşaat Mühəndisləri İnstitutu 1992-ci ildə universitet statusu aldı və 2000-ci il iyun ayının 13-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzaladığı Fərmanla Azərbaycan Memarlıq və İnşaat Universiteti adlandırıldı. 2000-ci ildən üzü bəri universitet respublikanın ən nüfuzlu universitetlərindən biri kimi fəaliyyətini davam etdirir.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin üç böyük tədris korpusu vardır. Universitetin tələbə şəhərciyində beş yataqxana korpusu, o cümlədən xarici tələbələr üçün ayrıca doqquz mərtəbəli iki yataqxana korpusu da mövcuddur. Tələbələrin asudə vaxtlarını daha səmərəli və rahat keçirməsi üçün tələbə şəhərciyində də şərait yaradılıb.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin zəngin kitabxanası vardır. Hər il kitabxanada kitab sərgisi keçirilir. Kitabxananın 2 abonementi, 5 qiraət zalı, memarlığa dair metodiki kabineti, nadir kitab fondunun, dissertasiya və avtoreferatların qorunduğu arxivi vardır. I və II korpusda yerləşən kitabxananın 4 şöbəsi, 2 filialı fəaliyyət göstərir ki, bunların da başlıca vəzifəsi bacarıqlı mütəxəssis hazırlanmasına kömək etməkdir. “Universitetdə həmçinin tələbə və müəllimlər üçün nəzərdə tutulmuş elektron kitabxana fəaliyyət göstərir. AzMİU-nun elektron kitabxanası tədris prosesində və elmi fəaliyyətdə istifadəçilərin informasiya ehtiyaclarını təmin etməyə yönəldilmişdir. Burada elm və texnologiyanın müxtəlif sahələri, normativ-texniki və dövri nəşrlər, dissertasiyaların avtoreferatları, universitet tarixinə dair sənədlər və digər materiallar üzrə dərs vəsaitləri və elmi ədəbiyyatlar mövcuddur. Onların bir çoxu AzMİU-da nəşr olunmuşdur. Elektron Kitabxananın resursları AzMİU-nun Əsas Kitabxanasının vahid fondunun bir hissəsidir. Bu resurslar kitabxananın elektron kataloquna daxil edilmişdir” (Məlumat Vikipediyadan götürülüb).
Universitetin 6 fakultəsi vardır. Bunlar Memarlıq fakültəsi, İnşaat fakültəsi, Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsi, Nəqliyyat fakültəsi, Tikinti-iqtisad fakültəsi, Mexanika və İnformasiya Texnologiyaları fakültəsidir.
Bildiyimiz kimi, Azərbaycanın memarlıq sənəti çox qədimdir. Azərbaycan ərazisində Böyük və Kiçik Qafqaz dağlarının ətəklərində, Talış dağlarında, Naxçıvan MR-da, Zəngilan, Kəlbəcər, Gədəbəy, Göygöl, Şamaxı, Şəki ərazisində, Füzuli rayonu ərazisində aşkar edilmiş Azıx mağarasında aparılan tədqiqatlar bunu deməyə əsas verir.
Qəbələ şəhərinin möhkəm qala divarları, saxsı borularından çəkilmiş su kəməri, Dəmirqapı (Dərbənd) keçidində daşdan tikilmiş müdafiə sistemi, Çıraqqala (VI əsr), Ləkit kəndindəki dairəvi xristian məbədi (V–VI əsrlər), Qum kəndindəki bazilika (təqribən VI əsr), Mingəçevirdəki məbədlər kompleksi (VII əsr), Xəzər dənizinin sahilindən başlayaraq, Babadağın ətəyində qurtaran Gilgilçay səddi və indiki Şabran rayonu ərazisində yerləşən Beşbarmaq dağından başlayıb, Xəzərin sahillərinə qədər uzanan Beşbarmaq səddi, Naxçıvandakı Yusif ibn Küseyr (1162) və Mömünə xatın (1186) türbələri, Marağadakı Göy günbəz türbəsi (1196), Qırmızı Günbəz türbəsi, Urmiyada tikilmiş Üç günbəz türbəsi (1185), Bakıdakı Sınıqqala minarəsi (1078), Qız qalası, Mərdəkan qalaları, Nardaran qalası, Ramana qalası (XIV əsr)... ölkəmizdə memarlığın inkişafı haqqında geniş təsəvvür yaratmağa imkan verir.
XV–XX əsrlərdə Azərbaycan memarlığının inkişafı onun şöhrətini ellərə yayır. Bursa, Qahirə, Bağdad, Dəmirqapı (Dərbənd), Herat, Səmərqənd və sair şəhərlərdəki bir sıra memarlıq abidələrində Azərbaycanlı memarların "imzaları" vardır. Bursa şəhərindəki ünlü Yaşıl türbənin (1420–21) nəfis naxışlarla bəzədilmiş qapılarını azərbaycanlı usta Əhməd Təbrizli hazırlayıb. Türbənin yaxınlığındakı Yaşıl Camenin (1424) mehrabını Təbriz ustaları özlərinin hazırladıqları müxtəlif boyalı çinilərlə bəzəmişlər. Çaldıran vuruşmalarından (1514) sonra I Sultan Səlim tərəfindən İstanbula aparılmış Azərbaycanlı memar Əli Təbrizli (Əsir Əli, Əcəm Əli təxəllüsləri il də tanınmışdır) İstanbuldakı Topqapı sarayının baştağını və Sultan Səlim məscidini (1522) tikib.
XX əsrin 30-cu illərindən başlayaraq, Azərbaycan memarlığında yeni mərhələ başlanır. Memarlıqda mütərəqqi yeniliklər Bakı şəhərinin yenidən qurulmasında, ictimai-inzibati binaların tikilişində daha çox özünü göstərir. Hökumət Evi, Nizami kinotetarının binası, Milli kitabxananın binası, Azərbaycan Dövlət Akademik Dram Teatrının binası, "Azərbaycan" mehmanxanası, Naxçıvandakı Hüseyn Cavid, Şuşadakı Molla Pənah Vaqifin abidələri... yüksək memarlıq nümunələridir. Bu gün Azərbaycanın müxtəlif bölgələrində, eləcə də mərkəzdə memarlıq cəhətdən tikilən gözəl binaların sayı-hesabı yoxdur. Ölkəmizə səyahət edən turistlər bu binaların memarlıq keyfiyyətlərinə heyranlığını gizlədə bilmir.
Bu da bir daha təsdiq edir ki, Azərbaycan mükəmməl memarlıq mərkəzlərindən biridir. AzMİU-nun memarlıq fakültəsində memarlıq elminin incəlikləri gənc nəslə öyrədilir. Fakültədə təhsil Azərbaycan, rus və ingilis dillərində aparılır. Qeyd edək ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsi memarlıq sahəsində bütün dünyada tanınan, nüfuzlu Britaniya Memarlarının Kral İnstitutunun (RİBA) 5 illik akkreditasiyasını alıb.
***
Universitetin İnşaat fakültəsində xalq təsərrüfatının müxtəlif sahələri üçün ixtisaslı kadrlar hazırlanır. Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsi öz tələbələrinə günümüzün aktual məsələsi olan su təsərrüfatı mühəndisliyi və kommunikasiya sistemləri, ekologiya mühəndisliyi, enerji menecmenti və enerji effektivliyi, yaşıl enerji, smart sistemlər və s. sahələr üzrə müasir bilikləri öyrədilir və innovasiyaların tətbiq olunduğu təhsil proqramı təklif etməklə tələbələrin yeniliklərə açıq olmalarını və bu sahədə innovativ texnologiyaların istifadəsini təmin edir. Fakültədə tədris Azərbaycan, rus və ingilis dillərində olmaqla, əyani və qiyabi əsaslarla aparılır.
Nəqliyyat fakültəsi müasir avadanlıqlarla təchiz olunmuş tədris və elmi-tədqiqat laboratoriyalarına və güclü kadr potensialına malikdir. Burada nəqliyyat, yol tikintisi mühəndisliyi, yol hərəkətinin təşkili və logistika sahəsində idarəetmə və planlama bacarıqlarına sahib mütəxəssislər hazırlanır.
AzMİU-nun ən böyük fakültəsi Tikinti-iqtisad fakültəsidir.
Tələbələr Az.MİU-nun Mexanika və İnformasiya Texnologiyaları fakültəsində də təhsil alırlar. İnformasiya texnologiyaları, informasiya texnologiyalarının inkişafı və müxtəlif sahələrdə istifadəsi ilə bağlı təhsil proqramıdır. Kompüter və informasiya texnologiyaları sahəsində inkişaf üçün geniş imkanlar yaradır. Həmçinin fərqli sahələrdə və şirkətlərdə informasiya təhlükəsizliyi ilə bağlı mühüm vəzifələri icra etmək üçün təhsil və təcrübə verir.
Universitetin nəzdində İnşaat Kolleci və Fizika-Riyaziyyat təmayüllü lisey fəaliyyət göstərir. Liseydə təhsil alan şagirdlərin potensial imkanlarını üzə çıxarmaqda, onların gələcəkdə yiyələnəcəkləri ixtisasların sirlərinə bələd olmağa istiqamətləndirməkdə, onların yaradıcılıq potensialını artırmaqda, texniki ali məktəblərə, o cümlədən Universitetimizə daha istedadlı şagirdlərin qəbul olunmasında maraqlıdır.
Universitetin xarici tələbələrlə iş üzrə dekanlığı 1977-ci ildən fəaliyyət göstərir və xarici ölkələr üçün mütəxəssislər hazırlayır. AzMİU yerli və xarici ali təhsil müəssisələri, dövlət qurumları, elmi təşkilatlarla əməkdaşlıq əlaqələrini yüksək səviyyədə inkişaf etdirir. Azərbaycan Memarlıq və İnşaat Universiteti zəngin təcrübəyə və formalaşdırdığı güclü elmi-tədris mühitinə sahibdir.
Universitet Qafqaz Universitetlər Birliyinin üzvüdür. Azərbaycan dövləti gənc nəslin təhsil sahəsində daha geniş layihələrə imza atması üçün əlindən gələni əsirgəmir. Tələbələrimizin beynəlxalq səviyyədə təhsil sahələrində elmi mənimsəmələrini artırmaq üçün universitetlərdə geniş imkanlar yaradılır. Bu mənada AzMİU-nun xarici ölkə təhsil müəssisələri ilə əlaqələri daha da genişlənməkdədir. AzMİU-da Türkiyə, İngiltərə, ABŞ, Rusiya, İtaliya, İspaniya, Portuqaliya, Ukrayna, Almaniya, Çin, Polşa, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Gürcüstan, Belarusiya, Litva, Şimali Kipr Türk Respublikası kimi ölkələrin 100-ə yaxın aparıcı universiteti ilə imzalanmış ikitərəfli müqavilələr əsasında müəllim, elmi işçi, bakalavr, magistr və doktorantların mübadiləsi, birgə proqramların həyata keçirilməsi istiqamətində işlər görülür. Tərəfdaş universitetlər arasında İtaliyanın Milan Politexnik Universiteti, Roma La Sapienza Universiteti, Portuqaliyanın Leiria Politexnik Universiteti, Almaniyanın Brandenburq Universiteti, Böyük Britaniyanın Lester Universiteti, Tükiyənin İstanbul Texniki, Orta Doğu Texniki, Yıldız Texnik Universiteti kimi dünyada yüksək nüfuza malik universitetlər də yer alır. Bu universitetlərlə bağlanmış əməkdaşlıq müqavilələri çərçivəsində təhsilin və kadr potensialının inkişafı məqsədilə nüfuzlu xarici universitet professorları tədris prosesinə cəlb edilir. Eyni zamanda ikili diplom proqramlarının artırılması və müvafiq ixtisasların kurikulumlarının modernləşməsi, qabaqcıl təcrübənin öyrənilməsi, müəllim və tələbə mobilliyinin artırılması, akademik heyətinin uzunmüddətli xarici ixtisasartırma proqramlarına cəlbi istiqamətində işlər aparıldığı məlumdur. AzMİU-nun Xarici əlaqələr şöbəsinin məsul işçisi təhsilin beynəlmiləlləşməsi və keyfiyyətinin artırılması məqsədilə yüksək səviyyəli xarici mütəxəssislərin universitetə cəlb olunması üçün ölkəmizdə fəaliyyət göstərən xarici ölkə səfirliklərinin dəstəyi və təşəbbüsü ilə, eləcə də tərəfdaş universitetlərlə bir sıra mübadilə proqramları həyata keçirildiyini bildirir: Ötən 2023-cü ildə “ABŞ-ın “Fulbrayt Mütəxəssis Proqramı” çərçivəsində amerikalı mütəxəssislər AzMİU-da memarlara seminar və mühazirələr təşkil edib, müəllim və tələbələrin ingilis dili biliklərinin artırılması üçün dərslər, eləcə də praktiki təcrübələr həyata keçirib. Azərbaycanda layihələndirilmiş və tikilmiş modernist ictimai memarlığın tədqiqi ilə məşğul olub. Layihənin davamı olaraq ABŞ-ın Yuta Dövlət Universitetinin Landşaft memarlığı və ətraf mühitin planlaşdırılması kafedrası ilə birlikdə hər iki universitetin tələbələrinin qatılacağı seminarların təşkili nəzərdə tutulub. İtaliya Respublikasının ölkəmizdəki səfirliyi ilə AzMİU-nun əməkdaşlığı sayəsində "Italyan dili məzunları" layihəsi çərçivəsində italiyalı müəllim 4 il müddətində universitetimizdə italyan dilini tədris edir. Bundan əlavə Türkiyənin Qazi Universiteti ilə də sağlam əməkdaşlıq əlaqələrimiz var. Həmin universitetin professoru universitetimizin elektrik və elektronika mühəndisliyi ixtisasında oxuyan tələbələrə dərs demiş, öz təcrübələrini onlarla bölüşmüşdür. Orta Asiya Respublikaları ilə inkişaf edən əməkdaşlıq çərçivəsində isə Qazaxıstanın Korkut Ata Kızılorda Universitetinin Layihə Araşdırma İnstitutunun müəllimləri AzMİU-da ixtisasartırma kursu keçib, elmi-tədqiqat təcrübəsi aparıblar".

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) yüksək səviyyədə elmi-pedaqoji kadrları vardır, müasir əmək bazarının tələblərinə uyğun kadr hazırlığı və innovativ yanaşmaları AzMİU-nu ölkənin strateji təhsil mərkəzlərindən birinə çevirdiyi də reallıqdır.
Qeyd etdiyimiz kimi, Universitet dünyanın bir sıra nüfuzlu universitetləri, təhsil ocaqları ilə əlqələr yaradıb; beynəlxalq akkreditasiyalar və xarici ölkələrin təhsil ocaqları ilə qurulan elm və təhsil sahəsində əməkdaşlıq AzMİU-nun qlobal ali təhsil sahəsində mövqeyinin möhkəmlənməsinə imkan verir. Universitetdə akademik keyfiyyətlər yüksəkdir. Beynəlxalq aləmdə də bu akademik keyfiyyətlərin artılımasına xüsusu önəm verilir. 2025-ci ildə iyunun 24-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 50 illik yubileyi münasibəti ilə inşaat və memarlıq sahəsində aktual problemlərin elmi əsaslarla müzakirəsinə, yeni yanaşmaların təqdimatına və beynəlxalq əməkdaşlığın genişləndirilməsinə həsr olunan “İnşaatın müasir problemləri” (MCEP 2025) mövzusunda keçirilən beynəlxalq konfransda (Konfrans AzMİU, Türkiyənin İstanbul Texniki Universiteti, Xorvatiyanın North Universiteti və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində keçirildi) universitetin rektoru, professor Gülçöhrə Məmmədova elmi-tədqiqat sahəsində görülən işləri nəzərə çatdıraraq, qeyd edir ki, bu gün elmə verilən əsas tələblərdən biri beynəlmiləlləşmədir. Elmin ən qabaqcıl istiqamətlərinə inteqrasiya olunmaqla həm milli elmin inkişafına nail olmaq, həm də ölkəmizi beynəlxalq miqyasda tanıtmaq mümkündür. Bu sahədə AzMİU-da son illər ərzində ciddi irəliləyişlər əldə olunub.
Rektor beynəlxalq elmi əlaqələrin qurulması və möhkəmləndirilməsinin hazırda xarici tərəfdaş universitetlərlə əməkdaşlığın əsas istiqamətini təşkil etdiyini, bu konfransın həmin əlaqələrin inkişafına mühüm töhfə verəcəyini, AzMİU alimlərinin apardığı tədqiqatların tərəfdaş universitetlərin nümayəndələri ilə bölüşülməsi, onların araşdırmalarının qarşılıqlı müzakirəsi elmi əməkdaşlığın dərinləşməsinə xidmət edəcəyini bildirir.
AzMİU-nun keçdiyi şərəfli yola, formalaşdırdığı elmi məktəbə və ölkənin sosial-iqtisadi inkişafına verdiyi töhfələrə nəzər saldıqda bir daha əmin olursan ki, ölkəmizdə memarlıq və inşaat sahəsində böyük uğurlar əldə edilmişdir. Və bunun üçün Universitetin rektoru Gülçöhrə xanım başda olmaqla, müəllim heyəti təhsilin inkişafına, milli mühəndislik məktəbinin formalaşmasına daima qayğı göstərir.
AzMIU-nun məzunları bu gün ölkənin müxtəlif sahələrində gedən quruculuq işlərində fəal iştirak edir. Gənclərin bu mənada bilik və bacarıqlarının artırılması üçün hər sahədə olduğu kimi, AzMİU-nun tələbələrinin təhsil aldığı sahələrdə də üniversitet müəllimləri üzərinə düşən vəzifəsinə məsuliyyətlə yanaşır. Gənc nəslin mükəmməl mütəxəssis kimi yetişməsi üçün səy göstərir. Qlobal istiləşmə, iqlim dəyişikliyi dünyanı bürüdüyü bir zamanda hər ixtisas üzrə bilikli, bacarıqlı mütəxəssilərə də ehtiyac artır. Rektor Gülçöhrə xanım çıxışında qeyd edir ki, “İqlim dəyişikliyinin təbiətə, iqtisadiyyata gətirdiyi dəyişikliklər bizim hazırladığımız ixtisaslara bilavasitə təsir göstərir. Bu ixtisaslarda çalışan mütəxəssislər iqlim dəyişmələrinə uyğunlaşaraq, öz işlərində itki və zərərləri aradan qaldırmağa səy göstərirlər. Memarlar, inşaatçılar, mühəndislər və başqaları iqlim problemləri ilə bilavasitə bağlıdırlar. Bu çağırışlara ölkəmizin necə cavab verəcəyi siz, gənclərin gələcək mütəxəssis kimi fəaliyyətindən asılı olacaq”.
Ali Baş Komandan, Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzü bərpa etmişik. İşğaldan azad edilmiş ərazilərimizin yenidən bərpası, hərtərəfli inkişafı üçün bacarıqlı mütəxəssilər lazımdır, AzMİU-nu bitirmiş, bu sahədə yüksək təhsil almış gənc kadrları vardır. 50 il ərzində universitetin 70 mindən çox memar, inşaat, nəqliyyat, hidrotexniki və meliorativ tikinti mühəndisi məzun olub. “Respublikanın, demək olar ki, bütün iri tikinti layihələrində, şəhərsalma planlaşdırılmasında, mühəndis-kommunikasiya sistemlərinin quraşdırılmasında AzMİU məzunlarının imzası var. İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda aparılan geniş quruculuq işlərinin əsas icraçıları, layihə rəhbərləri, sahə mühəndisləri də məhz bizim məzunlardır. Bu fakt bir daha sübut edir ki, AzMİU yalnız təhsil müəssisəsi deyil, ölkənin inkişaf strategiyasının həyata keçirilməsində rolu olan milli intellekt mərkəzidir” (G.Məmmədova).
AzMİU-da təhsil sahəsində xeyli islahatlar həyata keçirilir. Bu universitetdə təhsil qabaqcıl beynəlxalq standartlara uyğunlaşdırılır, universitet-sənaye əməkdaşlığı genişləndirilir, rəqəmsal və hibrid tədris modelləri tətbiq olunur, xüsusən insan kapitalının inkişafına yönəlmiş məqsədyönlü işlər görülür. AzMİU-nun rektoru Gülçöhrə Məmmədova 50 illik yubiley iclasında onu da qeyd etdi ki, “Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan böyük quruculuq işləri, şəhərsalmanın vüsət alması, “ağıllı şəhər”, yaşıl memarlıq, enerji effektli tikinti kimi çağdaş yanaşmalar memarlıq və inşaat təhsilinə yeni tələblər formalaşdırır. AzMİU bu çağırışlara cavab vermək üçün yenilənmiş təhsil proqramları, mütəxəssis hazırlığının yeni strukturu, gücləndirilmiş elmi baza, beynəlmiləlləşmə və rəqəmsal transformasiya istiqamətində ardıcıl addımlar atır”.
Universitetin keçdiyi inkişaf yoluna nəzər saldıqda 50 ildə - yarım əsrdə əldə etdiyi uğurlar misilsizdir. Universitetin diqqət çəkən “Əsrə bərabər 50 il” devizi maraq doğurmaqla yanaşı qürur da doğurur. Gülçöhrə xanım yubiley ərəfəsində AzMİU-nun seçdiyi devizin mahiyyətini belə qiymətləndirir: “Əsrə bərabər 50 il” devizini seçməyimiz təsadüfi deyil. Bu yarıməsr təkcə universitetin yaşı deyil – Azərbaycanın sürətli inkişaf yoluna verilmiş töhfələrin, minlərlə memar və mühəndisin yetişdirilməsi ilə formalaşan intellektual gücün, ölkənin quruculuq və bərpa işlərində ön sıralarda dayanmağının ifadəsidir. Eyni zamanda, bu, 1920-ci ildə yaradılmış İnşaat fakültəsindən başlayaraq toplanmış bütün təhsil təcrübəsinin və nailiyyətlərin universitetin bünövrəsini təşkil etməsinin göstəricisidir”.
AzMİU mühüm sosial və strateji layihələrdə, o cümlədən işğaldan azad olunmuş ərazilərin bərpasında yaxından iştirak edir. Qarabağ və Şərqi Zəngəzurda gedən quruculuq işlərində Azərbaycan memarlarının, AZMİU-nun məzunlarının yetişdirdiyi mütəxəssislərin çox böyük əməyi vardır. Kəlbəcərdə inşa edilən məktəbin tikintisinə Azərbaycan Memarlıq və İnşaat Universitetinin 25 yaşlı inşaat mühəndisi nəzarət edir. Eyni zamanda həmin Universitetinin məzunu olan gənc mühəndislər Azərbaycanda yeni universitet olan Qarabağ Universitetinin inşasında da çox yaxından və böyük ürəklə iştirak edirlər.
***
Universitet dövlət səviyyəsində Respublikamızda elmi inteqrasiyanın gücləndirilməsi sahəsində aparılan işləri daima dəstəkləyir. Universitetin rektoru, professor Gülçöhrə Məmmədova akademik heyətin və tələbələrinin üzərinə düşən vəzifəni “Bilik günü”ndə bir daha xatırladır: “Bu gün biliklərə əsaslanan yeni texnologiyalara sahib ölkələr sürətlə öncül mövqelərə daşınır. İntellektual səviyyəsi yüksək ölkələr yaratdığı yeni texnologiyalarla sənaye, iqtisadiyyat və digər sahələri inkişaf etdirərək qabaqcıl ölkələr siyahısında qərarlaşır. Prezident İlham Əliyev tərəfindən aparılan siyasət də məhz bu istiqamətə yönəlib. Biz daha çox çalışmaqla, ölkəmizi dünyaya tanıtmalı, demokratik və nüfuzlu ölkələrdən birinə çevirməliyik...”
***
Hər il Azərbaycan Memarlıq və İnşaat Universitetində beynəlxalq konfranslar keçirilir. 2018-ci oktyabrın 26-da Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) professor Buniyat Sərdarovun xatirəsinə həsr olunmuş “İnşaat materiallarının istehsal sahələrinin aktual problemləri və həlli yolları” mövzusunda Beynəlxalq elmi konfransında iştirak etmişəm. Konfransda dünyanın müxtəlif ölkələrinin (Türkiyə, Rusiya, Qazaxıstan) universitetləri, BASF Caspian MMC-nin baş direktoru Tolqa Baysinop, A.A.Qvozdev adına Dəmir-beton Elmi-Tədqiqat İnstitutunun direktoru V.Terin, o cümlədən, ölkəmizdə fəaliyyət göstərən aparıcı ali təhsil müəssisələrindən, elmi mərkəzlərdən, müxtəlif təşkilatlardan nümayəndələr, görkəmli alimlər iştirak edirdilər. İstanbul Texnik Universitetinin professoru Mehmet Ali Taşdemirin “Lifli ve lifsiz beton qarışımlarının performansa dayalı tasarımı” mövzusunda məruzəsi maraqla qarşılandı.
2025-ci il iyunun 24-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 50 illik yubileyinə həsr olunan “İnşaatın müasir problemləri” (MCEP 2025) mövzusunda beynəlxalq elmi konfrans yaddaşlarda qaldı. Konfrans AzMİU, Türkiyənin İstanbul Texniki Universiteti, Xorvatiyanın North Universiteti və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində keçirildi.
AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova universitetin 50 illik fəaliyyət tarixinə diqqəti çəkdi. Ümummilli Lider Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi ilk illərdə, məhz onun təşəbbüsü ilə yaradılan AzMİU-nun o dövrdə Qafqazda memarlıq və inşaat mühəndisləri üzrə ixtisaslaşan ilk və yeganə ali təhsil müəssisəsi olduğunu bildirdi.
Konfransda çıxış edən İstanbul Texniki Universitetinin prorektoru professor Şenol Ataoğlu təmsil etdiyi ali təhsil müəssisəsi ilə AzMİU arasında qurulan sağlam əməkdaşlığı, bu əməkdaşlığın elm aləmi üçün faydalı nəticələr verəcəyinə əminliyini qeyd etdi. Münxen Helmholtz Mərkəzi İnstitutunun professoru, AzMİU rektorunun müşaviri Məsud Əfəndiyevin “Sənayedə kimyəvi reaktorların dizaynı”, İstanbul Texniki Universitetinin prorektoru, professor Şenol Ataoğlunun “Stres analizi üçün güclü üsul: fotoelastiklik metodu – İstanbul Texniki Universitetinin Eksperimental mexanika laboratoriyasından bəzi nümunələr” mövzusunda təqdimatları maraqla qarşılandı. İki gün ərzində keçirilən iclaslarda ümumilikdə 13 ölkədən 194 elmi məruzə dinlənildi. Bunların 159-u Azərbaycan alimlərinə, 35-i isə xarici tədqiqatçılara məxsus idi. Konfransda Türkiyə, Almaniya, Çin, Xorvatiya, Slovakiya, İran, Cənubi Koreya, İtaliya, Portuqaliya, Ukrayna, Qazaxıstan, Özbəkistan və Yunanıstan elm və təhsil müəssisələrinin nümayəndələri iştirak edirdilər.
Təqdim olunan məqalələrdə müasir mühəndislik çağırışları, dayanıqlı tikinti texnologiyaları, “ağıllı” şəhərsalma həlləri, enerji səmərəliliyi və yeni infrastruktur modelləri kimi aktual mövzulara elmi yanaşmalar yer alırdı.
MCEP 2025 konfransı mühəndislik və memarlıq sahəsində biliklərin inteqrasiyası, elmi ideyaların real layihələrə çevrilməsi və beynəlxalq elmi əlaqələrin daha da genişləndirilməsi baxımından çox dəyərlidir.
North Universitetinin professoru Jelko Kos da çıxışında belə əməkdaşlığın qlobal səviyyədə elmi tərəfdaşlığın inkişafına, eləcə də bilik və təcrübə mübadiləsinin təşviqinə xüsusi fayda verdiyini bildirdi.
Konfransda toxunulan mövzulardan biri də işğal olunmuş ərazilərdə, Azərbaycan xalqına məxsus olan memarlıq abidələrinin dağıdılması və məhv edilməsi oldu.
AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədovanın “Keçmiş və müasirlik: Qərbi Azərbaycanın tarixi memarlıq irsi haqqında” adlı təqdimatla sessiyada çıxışı maraqla qarşılandı. Qərbi Azərbaycan ərazisində – xüsusilə, İrəvan şəhərində mədəni və memarlıq irsinin məhv edilməsinə diqqəti çəkən Gülçörə xanım qeyd etdi ki, 1924-cü ildə təqdim olunan baş planda İrəvan xanlığı dövründə formalaşmış və daha qədim dövrlərə aid tarixi abidələrin tamamilə məhv edilməsi və onların yerində yeni şəhərsalma konsepsiyasına uyğun tamamilə fərqli bir şəhərin inşası nəzərdə tutulmuşdu. Bu plan təkcə memarlıq baxımından deyil, həm də etnik və ideolojiyönümlü bir layihə idi. Azərbaycanlılara məxsus tarixi mərkəz, memarlıq irsi və məhəllələr ardıcıl şəkildə sökülərək silindi. Tarixi simanın planlı şəkildə dəyişdirilməsi nəticəsində azərbaycanlıların şəhərdəki izi aradan qaldırıldı”.
Türkmənçay müqaviləsindən sonra rəsmən Çar Rusiyasının hakimiyyəti altına keçən Qərbi Azərbaycan torpaqlarında məqsədyönlü şəkildə aparılan siyasətin nəticəsi olaraq bu torpaqlar ermənilərin istilasına məruz qaldı. Dünyanın bir çöx olkələrinin alimlərinin, beynəlxalq səviyyəli nüfuzlu təşkilatlarının nümayəndələrinin iştirak etdiyi belə bir Beynəlxalq Konfransda 80-80-cı illərdə azərbaycanlıların dədə-baba yurdları olan Qərbi Azərbaycandan qovulmasını, onların öz yurdlarına qayıtmaq üçün mübarizə apardıqlarını, bu yolda israrlı olduqlarını, bu məsələni beynəlxalq səviyyədə həlli üçün görülən işlərin də gündəmdə olmasını qabartmaları təsadüfi deyildir. Bu bütövlükdə azərbaycanlı ziyalılarımızın, şəxsən Gülçöhrə xanımın, onun rəhbərlik etdiyi böyük bir elm-təhsil ocağında çalışan insanların, təhsil alan gənclərimizin AzMİU-nun dövlətçilik prinsiplərinə, ərazi bütövlüyü məsələlərinə diqqət və qayğısından, bu sahədə böyük prinsipiallığından da xəbər verir.
Xüsusilə qeyd etmək lazımdır ki, 50 yaşlı universitetin rektoru memarlıq doktoru, professor, Azərbaycan Respublikasının əməkdar memarı Gülçöhrə Hüseyn qızı Məmmədova məhz Qərbi Azərbaycanın Vedi rayonunda doğulub, böyüyüb. O, yurdunu, torpağını qəlbən sevən insandır. Gülçöhrə xanım Qərbi Azərbaycan ziyalılarından biri kimi bu gün də o tarixi dədə-baba torpaqlarına qayıtmaq üçün mübarizə aparan həmvətənləri ilə birlikdədir. O, nüfuzlu memardır, bu sahədə 135-dən çox elmi və metodik işlərin, 3 monoqrafiyanın (“Qafqaz Albaniyasının dini memarlığı”, “Qafqaz Albaniyasının memarlığı” (rus dilində), “Architecture of Caucasian Albania”) müəllifidir. 8 kitabın (“Azərbaycanın qədim və ilk orta əsrlər memarlığı” (1991-ci il), “Şəkinin memarlıq abidələri” (2003-cü il), “Kiş kəndi və onun məbədi” (2003-cü il), “Kiş” (2003-cü il) və “Nic” (2006-cı il), “Azərbayсan memarlıq tarixi” beş cildli nəşrin 1-ci cildi - Qədim və erkən orta əsrlər dövründə Azərbaycan memarlığı (Bakı, 2013) və 2-ci cildi - Azərbaycan memarlıq tarixi: Orta əsrlər memarlığı (VIII-XIV əsrlər) (Bakı, 2013), Azərbaycanın Şimal-Qərb regionunun memarlıq abidələri (Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən) (Bakı, 2014) həmmüəllifidir.
Bu gün Beynəlxalq Memarlıq Akademiyasının, Beynəlxalq Mühəndislik Akademiyasının və Şərq Ölkələri Memarlıq Akademiyasının həqiqi üzvü Gülçöhrə xanım orta məktəbi (1971) bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutunun Memarlıq fakültəsinə daxil olub və 1976-cı ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Memarlıq fakültəsini bitirib. Bütün ömrünü memarlıq sənətinin inkişafına həsr edib. Elmi fəaliyyəti Qafqaz Albaniyasının memarlığı və Azərbaycan ərazisində xristian dini memarlığının tədqiqi ilə bağlıdır. Bu mövzuda fəlsəfə doktoru və elmlər doktoru dissertasiyası müdafiə edib. Elmi kadrlar yetişdirib. 25 ildir bu böyük elm və təhsil ocağına rəhbərlik edir; Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektorudur.
Gülçöhrə xanım ictimai xadimdir. Müstəqil Azərbaycan Respublikasının inkişafında, Azərbaycan dövlətçiliyinin inkişafında rolu vardır. 2000-2015-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. Deputat olduğu ilk illərdən Gülçöhrə xanımı sadə, səmimi, təmkinli, səlis nitqə malik, dəyərli azərbaycanlı xanım kimi tanıyırıq. Rəhbərlik etdiyi universitetdə təhsildə şəffaflıq, səliqə, sahman, nizam-intizam bunu deməyə əsas verir ki, AzMİU-nin son 25 ildə qazandığı uğurlarda onun əməyi, rolu misilsizdir. Çox etibarlı və zəhmətkeş bir alimin, müəllimin rəhbərlik etdiyi bu böyük təhsil ocağının gələcəkdə də böyük uğurlara imza atacağı şübhəsizdir.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.