Son illər Azərbaycanda əmək münasibətləri sahəsində ən çox narahatlıq doğuran məsələlərdən biri əmək müqavilələrinin qısa müddətə – əsasən 3 və ya 6 aylıq bağlanması praktikasının geniş yayılmasıdır.
Bir çox işçilər illərlə eyni iş yerində çalışsalar da, onlarla daimi əmək münasibətlərinə uyğun olan müddətsiz müqavilə deyil, ardıcıl şəkildə qısa müddətli müqavilələr bağlanır. Bu vəziyyət əmək bazarında sabitliyin pozulmasına, işçilərin sosial və hüquqi təminatlarının zəifləməsinə, eləcə də işəgötürənlə işçi arasında balansın işəgötürənin xeyrinə dəyişməsinə səbəb olur.
Əmək müqaviləsinin müddəti işçinin gələcək planlamasına, kredit və ipoteka imkanlarına, sosial təminat hüquqlarına və hətta psixoloji sabitliyinə birbaşa təsir göstərir. Qısa müddətli müqavilə ilə çalışan şəxs hər an işsiz qalmaq riski ilə üz-üzə qalır və bu da onu işəgötürəndən daha asılı vəziyyətə salır.
Xüsusilə dövlət və özəl sektorda daimi iş yerləri üzrə 3–6 aylıq müqavilələrin “norma”ya çevrilməsi cəmiyyətdə haqlı suallar doğurur:
bu yanaşma qanunun tələbidir, yoxsa işəgötürənlərin rahatlığı üçün seçilmiş mexanizmdir?
Mövcud qanunvericilik əmək münasibətlərinin sabit və şəffaf olmasını nəzərdə tutsa da, praktiki reallıq fərqli mənzərə ortaya qoyur. Bir çox hallarda işin xarakteri dəyişmədiyi halda, müqavilənin müddəti süni şəkildə qısa saxlanılır. Bu isə işçinin əmək hüquqlarının formal olaraq qorunması, faktiki olaraq isə məhdudlaşdırılması anlamına gəlir. Məhz bu məqamda hüquqi qiymətləndirmə və mütəxəssis rəyi xüsusi əhəmiyyət kəsb edir.

Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan hüquqşünas Natiq Ələsgərov bildirir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi əsas qayda olaraq müddətsiz bağlanmalıdır.
Onun sözlərinə görə, müddətli əmək müqaviləsi yalnız istisna hal kimi nəzərdə tutulur və bu istisnalar işin mövsümi xarakter daşıması, konkret layihə çərçivəsində görülməsi və ya müvəqqəti əvəzləmə kimi hallar ilə məhdudlaşır.
Hüquqşünas vurğulayır ki, daimi xarakter daşıyan iş üzrə işçi ilə qısa müddətli müqavilələrin bağlanması qanunun mahiyyətinə uyğun deyil:
“3–6 aylıq müqavilələrin geniş tətbiqi əksər hallarda işəgötürənin təşəbbüsü ilə həyata keçirilir. Bu, işəgötürənə işçini asanlıqla işdən azad etmək, uzunmüddətli öhdəliklərdən yayınmaq və əmək münasibətlərini nəzarətdə saxlamaq imkanı yaradır. Nəticədə işçi daim qeyri-müəyyən vəziyyətdə qalır və öz hüquqlarını müdafiə etməkdə çətinlik çəkir. Eyni iş üzrə müddətli əmək müqaviləsinin ardıcıl şəkildə bir neçə dəfə uzadılması artıq həmin işin daimi xarakter daşıdığını göstərir. Belə hallarda işçinin məhkəməyə müraciət edərək əmək müqaviləsinin müddətsiz hesab olunmasını tələb etmək hüququ var və bu cür iddialar məhkəmə təcrübəsində artıq mövcuddur. Bu, işçilər üçün mühüm hüquqi alət hesab olunur”.
Hüquqşünas həmçinin bildirib ki, bir çox işçi hüquqlarını kifayət qədər bilmədiyi üçün bu cür müqavilə şərtləri ilə razılaşmağa məcbur qalır:
“Halbuki əmək qanunvericiliyi işçilərin maraqlarını qorumağa yönəlib və onlara hüquqlarını müdafiə etmək üçün real mexanizmlər təqdim edir. Əmək Müfəttişliyi Xidmətinə müraciət, hüquqi məsləhət almaq və zərurət yarandıqda məhkəmə yoluna baş vurmaq bu mexanizmlər sırasındadır”.