Amerika hərbi təzyiqi fonunda limanlarda yığılan tanker gəmiləri hökumətin əsas gəlir mənbəyini təhlükə altına qoyur...
Poliqon xəbər verir ki, The Washington Post (WP) nəşrinin yazdığına görə, ABŞ-nin Venesuela sahilləri yaxınlığında apardığı aqressiv hərbi kampaniya ölkənin neft sənayesində ciddi xaos yaradıb və neft ixracını faktiki olaraq iflic vəziyyətinə salıb. Bu vəziyyət hökumətin əsas maliyyə dayağı olan neft gəlirlərini birbaşa risk altına qoyur.
Məlumata görə, Venesuela limanları xam neftlə yüklənmiş tanker gəmiləri ilə dolub-daşır. Rəsmilər gəmiləri beynəlxalq sulara buraxmaqdan çəkinirlər, çünki ABŞ hərbi qüvvələrinin hədəfinə çevrilə biləcəklərindən ehtiyat edirlər. Daşınma məlumatları göstərir ki, Venesuelaya doğru hərəkət edən bir sıra tanker gəmiləri yarı yoldan geri dönüb. Mənbələrin bildirdiyinə görə, gəmi sahibləri neft yüklənməsi ilə bağlı müqavilələri ləğv etməyə başlayıblar.
Ölkədə neft quyularının fəaliyyətinin dayanmaması üçün Nikolas Maduronun hökuməti müvəqqəti çıxış yolu kimi özəl tanker gəmilərini icarəyə götürərək nefti satış problemi həll olunanadək dənizdə saxlamağı nəzərdən keçirir. Lakin mütəxəssislər bu variantın uzunmüddətli perspektivinin olmadığını vurğulayırlar. S&P Global Energy şirkətində xam neft üzrə tədqiqat şöbəsinin rəhbəri Cim Berkxardın sözlərinə görə, “bu vəziyyət aylarla davam edə bilməz”.
Sənaye mənbələrinə yaxın şəxslər bildiriblər ki, Maduronun administrasiyası daha sərt addımları da müzakirə edir. Artıq Venesuelaya məxsus hərbi katerlər neft və neft məhsulları daşıyan gəmiləri müşayiət etməyə başlayıb, lakin bu eskortun əsasən ölkənin ərazi suları ilə məhdudlaşdığı qeyd olunur.
Bununla yanaşı, hökumət Venesuela neftinin əsas alıcısı olan Çinə gedən tanker gəmilərinin göyərtəsinə silahlı əsgərlərin yerləşdirilməsi ehtimalını da nəzərdən keçirir. Bu addım ABŞ Sahil Mühafizəsinin gəmiləri ələ keçirməsini çətinləşdirə bilər. Ancaq eyni zamanda, son aylarda Donald Trampın Karib hövzəsində topladığı ABŞ Hərbi Dəniz Qüvvələrinin döyüş gəmiləri ilə Venesuelanı birbaşa hərbi qarşıdurma riskinə də sürükləyə bilər.
Poliqon.info