AZ

İnnovativ dövlət idarəçiliyi modeli: uğurlar və perspektivlər - elmi konfrans

Bakı, 24 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) “İnnovativ dövlət idarəçiliyi modeli: uğurlar və perspektivlər” mövzusunda elmi-praktik konfrans keçirilib.

Bu barədə AZƏRTAC-a DİA-dan məlumat verilib.

Konfransı açan DİA-nın rektoru akademik Urxan Ələkbərov Azərbaycan xalqının tarixində Prezident İlham Əliyevin rolunun misilsiz olduğunu vurğulayıb, dövlət idarəçiliyində həyata keçirilən islahatların ölkənin davamlı inkişafına mühüm töhfə verdiyini qeyd edib. Akademik bildirib ki, Ali Baş Komandan İlham Əliyevin uzun illər ərzində həyata keçirdiyi məqsədyönlü və strateji hədəflərə yönələn siyasəti nəticəsində işğal altında qalan torpaqlarımız düşməndən azad edildi, ərazi bütövlüyümüz təmin olundu, xalqımızın Vətən həsrətinə son qoyuldu. Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaradan İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edən lider kimi adını əbədi olaraq tarixə yazdırdı və 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanına çevrildi. Akademik çıxışında, həmçinin ölkədə təhsilin inkişafı istiqamətində görülən işlərdən, ali təhsilə göstərilən xüsusi dövlət qayğısından, insan kapitalının inkişafının prioritet istiqamət kimi müəyyən olunmasından söz açıb.

Kadr siyasəti kafedrasının dosenti, Milli Məclisin deputatı Aydın Mirzəzadə çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi dövründə əldə olunan sosial-iqtisadi uğurlardan, dövlət idarəçiliyində tətbiq olunan innovativ mexanizmlərdən və idarəetmədə şəffaflıq prinsipinin gücləndirilməsindən danışıb. O, Prezident İlham Əliyevin hakimiyyətdə olduğu tarixə nəzər salıb, həyata keçirilən siyasətin ölkəmizin müasirləşməsini, respublikamızın simasının əsaslı dərəcədə dəyişməsini təmin etdiyini bildirib. Qeyd edib ki, tarixi Qələbə Ali Baş Komandan İlham Əliyevin qələbə əzminin, sarsılmaz iradəsinin, qətiyyətinin təcəssümüdür. Deputat vurğulayıb ki, harada yaşamasından asılı olmayaraq, bütün azərbaycanlılar Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşib.

Konfransda çıxış edən Akademiyanın Tarix kafedrasının professoru Fuad Məmmədov isə Prezident İlham Əliyevin fəaliyyətini Azərbaycan dövlətçiliyinin tarixi inkişaf kontekstində təhlil edib, onun liderliyi ilə ölkənin siyasi, iqtisadi və hərbi baxımdan əhəmiyyətli uğurlara imza atdığını qeyd edib. Professor Azərbaycanın bugünkü gücünün və sabitliyinin müasir dövlət idarəçiliyi modelinin düzgün qurulmasının nəticəsi olduğunu bildirib.

Sonda mövzu ətrafında geniş müzakirələr aparılıb, konfransın Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət idarəçiliyi modelinin elmi cəhətdən təhlili baxımından əhəmiyyəti xüsusi qeyd olunub.

 

Seçilən
13
1
azertag.az

2Mənbələr