AZ

“Bu fakt Azərbaycanın təşəbbüslərinin beynəlxalq səviyyədə dəstəkləndiyini təsdiqləyir” - ŞƏRH EDİLDİ

“Azərbaycan uzun illərdir beynəlxalq dialoq və əməkdaşlıq üçün etibarlı və nüfuzlu platforma kimi tanınır. Paytaxt Bakı müxtəlif sahələri əhatə edən mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməklə, qlobal məsələlərin müzakirəsində fəal rol oynadığını dəfələrlə nümayiş etdirib. Bu tədbirlərdə dünyanın bir çox dövlətlərinin və beynəlxalq təşkilatların yüksək səviyyədə iştirakı Azərbaycana olan etimadın və hörmətin göstəricisidir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, cənab Prezident İlham Əliyev də ənənəvi olaraq belə beynəlxalq tədbirlərə təbrik məktubları ünvanlayır, çıxış və müraciətləri vasitəsilə Azərbaycanın prinsipial mövqeyini, beynəlxalq hüquqa əsaslanan yanaşmasını və ədalətli mövqeyini dünya ictimaiyyətinə çatdırır:

“Bu kontekstdə itkin düşmüş vətəndaşlarımızın taleyi məsələsi Azərbaycan üçün təkcə humanitar problem deyil, eyni zamanda xalqımızın yaşadığı ağrılı tarixin ayrılmaz bir hissəsidir. Ermənistanın uzun illər davam edən işğalı nəticəsində minlərlə azərbaycanlının taleyi bu günə qədər naməlum olaraq qalır. Ailələr onilliklərdir övladlarının, valideynlərinin, yaxınlarının aqibəti ilə bağlı məlumat gözləyir. Bu məsələ Ermənistanla ikitərəfli münasibətlərdə mütəmadi olaraq gündəmə gətirilir və Azərbaycan dövləti itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün ardıcıl və prinsipial mövqe nümayiş etdirir.

Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə 2025-ci il oktyabrın 9-11-də Bakı şəhərində keçirilən “İtkin düşmüş şəxslər məsələsinin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın gücləndirilməsi” mövzusunda beynəlxalq konfrans bu istiqamətdə atılan mühüm addımlardan biridir. Konfransda qəbul edilmiş bəyannamənin Birləşmiş Millətlər Təşkilatının rəsmi sənədi kimi yayılması onu göstərir ki, Bakı müzakirələri real və ciddi nəticələr ortaya qoyub, beynəlxalq ictimaiyyətin diqqətini bu həssas və aktual məsələyə bir daha cəlb edib.

Bu fakt eyni zamanda Azərbaycanın təşəbbüslərinin beynəlxalq səviyyədə dəstəkləndiyini və ölkəmizin humanitar məsələlərin həllində aparıcı rol oynadığını təsdiqləyir. Dünya ictimaiyyəti itkin düşmüş şəxslərlə bağlı məsələyə daha böyük məsuliyyət və həssaslıqla yanaşmalı, ədalətin və insan hüquqlarının bərpası naminə birgə səyləri gücləndirməlidir. Azərbaycanın bu istiqamətdə apardığı ardıcıl siyasət həm regional sülhə, həm də beynəlxalq humanitar dəyərlərin qorunmasına mühüm töhfə verir”.

Müəllif: Arzu Qurbanlı
Seçilən
24
1
sia.az

2Mənbələr