AZ

Konqoda 800-dən çox sərnişini daşıyan gəmi batıb, ölənlər var

Konqo çayında baş verən faciəvi qəza nəticəsində onlarla insan həlak olub, onlarca sərnişin itkin düşmüş sayılır...

Poliqon xəbər verir ki, Konqo Demokratik Respublikasında (KDR) Konqo çayı üzərində hərəkət edən və göyərtəsində 800-dən çox insanın olduğu sərnişin gəmisi qəzaya uğrayaraq batıb. Actualite portalının Konqo Qırmızı Xaç cəmiyyətinə istinadən yaydığı məlumata görə, hadisə nəticəsində bir neçə onlarla insan həyatını itirib.

Məlumata əsasən, faciə dekabrın 20-də Ekvator əyalətində baş verib. HB Mbeya Mbeya adlı gəmi Konqo çayında hərəkətdə olarkən çevrilib. Hazırda 50-dən çox insan itkin düşmüş hesab olunur. Təxminən 300 sərnişinin sağ qalaraq xilas edildiyi bildirilir. Yaralıların dəqiq sayı isə hələlik açıqlanmayıb.

Mənbələrin məlumatına görə, gəmi sərnişinlərlə yanaşı, iri həcmdə müxtəlif mallar da daşıyıb. Hadisə yerində tapılan meyitlərin güclü parçalanma vəziyyətində olması səbəbindən dərhal dəfn edildiyi qeyd olunur. Axtarış-xilasetmə əməliyyatları isə Konqo çayında hələ də davam etdirilir.

Rəsmi qurumların ilkin versiyasına görə, qəzanın əsas səbəbi gəminin normadan artıq yüklənməsi olub ki, bu da təhlükəsizlik qaydalarının kobud şəkildə pozulması deməkdir. Hakimiyyət orqanları hadisə ilə bağlı gəminin sahibinin və səfərə çıxış zamanı göyərtədə olan ekipaj üzvlərinin saxlanılmasını planlaşdırır.

Poliqon.info

Seçilən
25
poliqon.info

1Mənbələr