Dünya azərbaycanlılarının həmrəyliyi milli kimliyimizin qorunması və gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Qloballaşan dünyada soydaşlarımızın birliyini təmin etmək, milli maraqları müdafiə etmək və Azərbaycan həqiqətlərini beynəlxalq aləmdə təbliğ etmək məqsədilə atılan addımlar diaspor təşkilatlarının fəaliyyəti ilə daha da güclənmişdir. Azərbaycan diasporu müxtəlif ölkələrdə yaşayan vətənpərvər soydaşlarımızın təşkilatlanaraq mədəniyyətimizi, dilimizi və tariximizi yaşatmaqla yanaşı, Azərbaycan dövlətinə mənəvi-siyasi dəstək göstərməsi baxımından böyük rol oynayır. Bu həmrəylik təkcə milli bayramlarda deyil, həm də xalqımızın taleyüklü məsələlərində ortaya qoyulan bir ruh birliyi kimi tarixə düşür.
Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin deputatı Müşfiq Cəfərovun sözlərinə görə, hazırda diasporların formalaşması prosesi o qədər geniş miqyas alıb, dünyada elə bir ölkə tapmaq mümkün deyil ki, orada başqa xalqın diasporu olmasın.
“Reallıqdır ki, diasporlar ev sahibi ölkələrə böyük təsir göstərir. Onlar demoqrafik strukturlarını, etnik və konfessional tərkibini dəyişirlər. Onlar nəinki etnik xüsusiyyətlərini, milli adət-ənənələrin qoruyub saxlamaqda böyük rola malikdirlər. Diasporların təkcə ev sahibliyi edən ölkələrin daxili deyil, həm də xarici siyasətinə getdikcə təsiri artır, çünki əhəmiyyətli maddi-maliyyə resurslarına malik transmilli diasporlar yaxın vaxtlara qədər vətəni olan və sıx əlaqələrə malik ölkələrin maraqlarını fəal şəkildə lobbiləşdirir, “publik diplomatiya” və “yumşaq güc” konseptinə çevrilirlər. Son yarım əsrdə dünya prosesləri diasporların iqtisadi, hətta ideoloji hökmranlığı altında gedir. Belə bir bəyanatı çətin ki, mübahisəsiz adlandırmaq olar. Diasporların həm məskunlaşdıqları, həm ikinci vətənlərinə çevrilmiş ölkələrin daxili siyasətində, həm də getdikcə müstəqil oyunçu kimi bəyan etdikləri dünya siyasətində, beynəlxalq münasibətlər sistemində, şübhəsiz ki, getdikcə artan rolu var. Müstəqillik dövründə xaricdə yaşayan soydaşlarımızın milli özünəməxsusluğunun və dəyərlərinin qorunması, həmvətənlərimizin tarixi vətənləri ilə əlaqələrinin yaradılması, onlara milli kimlikləri və ata-baba yurdları qarşısında duran vəzifələrinin xatırladılması məqsədilə kompleks işlər görülmüş, bir sıra tədbirlər reallaşdırılmış, müasir dövrün tələbləri nəzərə alınaraq sənədlər hazırlanmış, dövlət proqramları və həmrəylik xartiyası qəbul edilmişdir. Prezident İlham Əliyev diaspor sahəsində dövlət siyasətini prioritet istiqamət saydığını bildirmiş və bu sahənin işinin hazırkı dünyanın reallıqlarına uyğun genişləndirilməsi istiqamətində məqsəd və məramını aydın şəkildə açıqlamışdır. Azərbaycan diaspor siyasəti düşünülmüş və məqsədyönlü fəaliyyəti ilə çoxtərəfli formatda davam etdirilərək dövrün tələblərinə uyğunlaşdırılmış, bu sahəyə aid konkret addımlar atılıb. Milli mənlik şüuruna, özünüdərketmə prosesinə söykənən strategiyanı yeni çalarlarla zənginləşdirən Prezident İlham Əliyev xaricdə yaşayan azərbaycanlılar qarşısında əməli fəaliyyətə keçməsi və konkret olaraq yenicə formalaşan diasporu güc potensialına çevirərək lobbi institutlarının yaradılması istiqamətində tapşırıq və vəzifələr qoymuşdur”, - deputat bildirib.
Politoloq Rəşad Bayramov isə deyib ki, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü təkcə təqvimdə yer alan bir bayram deyil, milli kimliyin, ortaq yaddaşın və qlobal miqyasda birlik ideyasının simvoludur:
“Dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlını eyni dəyər və məqsədlər ətrafında birləşdirən bu gün, xüsusilə, qloballaşma və regional geosiyasi dəyişikliklər fonunda daha da aktual məna kəsb edir. Bu həmrəyliyin real daşıyıcıları və təşkilatlanmış forması isə məhz diaspor qurumlarıdır. Azərbaycan diasporu bu gün artıq təkcə mədəni əlaqələri qoruyan icmalar toplusu deyil, həm də milli maraqların beynəlxalq müstəvidə müdafiəsində mühüm rol oynayan təsisatlara çevrilib. Müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları Azərbaycan həqiqətlərinin çatdırılması, tarixi ədalətsizliklərin izahı, eləcə də dövlətimizin mövqeyinin beynəlxalq ictimaiyyətə təqdim olunması baxımından strateji əhəmiyyət daşıyır. Xüsusilə, informasiya müharibəsinin intensivləşdiyi bir dövrdə bu qurumların rolu daha qabarıq şəkildə ön plana çıxır. Dünya azərbaycanlılarının həmrəyliyi anlayışı yalnız emosional bağlılıqla məhdudlaşmır. Bu, koordinasiyalı fəaliyyət, ortaq mövqedən çıxış və milli maraqlar ətrafında konsolidasiya deməkdir. Diaspor təşkilatları müxtəlif ölkələrin siyasi, akademik və media mühitinə inteqrasiya etməklə Azərbaycanla bağlı mövzuların gündəmdə saxlanılmasına töhfə verirlər. Bu prosesdə vahid mövqe və qarşılıqlı əlaqə həmrəyliyin praktik təzahürünə çevrilir. Eyni zamanda diaspor qurumları Azərbaycan mədəniyyətinin, dilinin və milli-mənəvi dəyərlərinin qorunmasında da mühüm missiya daşıyır. Yeni nəsil azərbaycanlıların milli kimliklə bağlarının qopmaması, tarixi vətənlə əlaqələrinin möhkəmlənməsi məhz bu təşkilatların fəaliyyəti ilə mümkün olur. Bu, həmrəyliyin uzunmüddətli və davamlı olmasının əsas şərtlərindən biridir. Ümumiləşdirərək deyim ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü yalnız bir bayram deyil, milli gücün qlobal miqyasda səfərbər olunmasının rəmzidir. Diaspor təşkilatları isə bu həmrəyliyin institusional dayaqları kimi çıxış edir. Güclü diaspor güclü həmrəylik, güclü həmrəylik isə Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsi deməkdir".
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” mövzusu üzrə dərc olunub.
Aytəkin Qardaşova