Bakı, 24 dekabr, AZƏRTAC
Macarıstanın Baş naziri Viktor Orban 2026-cı ildə Avropada müharibənin başlaya biləcəyini və Avropa İttifaqı liderlərinin bütün qitəni bu perspektivə doğru sürüklədiyini hesab edir.
AZƏRTAC xəbər verir ki, hökumət başçısı bu barədə “Magyar Nemzet” qəzetinə müsahibəsində deyib. Onun sözlərinə görə, II Dünya müharibəsindən sonra Avropa 80 il sülh şəraitində yaşayıb, lakin indi vəziyyət fərqlidir.
Viktor Orban Avropa İttifaqının dekabrın 18-19-də Brüsseldə keçirilən sammitində Ukrayna münaqişəsinin şiddətlənməsinə və Rusiya ilə qarşıdurmanın daha da güclənməsinə yönəlmiş təkliflərin səsləndirildiyini və qərarların qəbul edildiyini xatırladıb. “Bu gün Avropa yenidən iki düşərgəyə - müharibə və sülh partiyalarına bölünüb. Hazırda müharibəni müdafiə edən qüvvələr üstünlük təşkil edir. Brüssel müharibə, Macarıstan isə sülh istəyir”, - deyə Baş nazir bildirib.