"Respirator virus infeksiyalarında antibiotiklərin əksər hallarda heç bir təsiri olmur. Antibiotiklər yalnız ikincili, yəni bakterial infeksiya qoşulduğu hallarda göstəriş sayılır. Çünki virus infeksiyası zamanı immun sisteminin zəifləməsi bakterial infeksiyanın yaranması üçün əlverişli şərait yaradır".
Redaktor.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov qurumun “Instaqram” hesabında keçirilən canlı yayım zamanı bildirdi.
Həkimin sözlərinə görə, bu infeksiyalarda hərarət adətən 3-5 gün ərzində zirvəyə qalxıb sonradan normaya enməlidir və əlamətlər tədricən zəifləməlidir:
"Əgər bu baş vermirsə, yaxud xəstə özünü yaxşı hiss etdikdən bir neçə gün sonra əlamətlər yenidən qayıdırsa, quru öskürəyin bəlğəmli öskürəyə keçməsi, döş qəfəsində ağrılar kimi hallar müşahidə olunursa, bu, bakterial infeksiyanın qoşulmasına işarə edə bilər. Bu cür hallarda xəstə özbaşına antibiotik qəbul etməməlidir. Vəziyyət həkim tərəfindən qiymətləndirilməli, ehtiyac olduqda laborator və instrumental müayinələr, bəlğəmin analizi, qanın ümumi müayinəsi, kəskin iltihabi zülalların səviyyəsinin yoxlanılması və digər müayinələr aparılmalıdır. Yalnız bundan sonra antibiotiklərin təyin olunub-olunmaması barədə qərar verilir. Antibiotikin növü, qəbul müddəti və dozası yalnız həkim tərəfindən müəyyən edilməlidir".
Nuriyyə NATİQQIZI