Bayram günləri ərəfəsində bazarlarda müşahidə olunan qiymət dəyişiklikləri ictimaiyyətdə müzakirələrə səbəb olur. Xüsusilə quş ətinə tələbatın artması fonunda mümkün bahalaşma ehtimalları diqqət mərkəzindədir. Bəs, bayram günlərində quş ətinə tələbatın artması qiymətlərə necə təsir göstərə bilər?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, tələbatın yüksəlməsi əksər hallarda qiymət artımı ilə nəticələnir.
“Bayram ərəfəsində daha çox insan eyni vaxtda quş əti almağa çalışır və bu zaman bazarda təklif tələbatı tam ödəmədikdə satıcılar qiymətləri qaldırmağa meylli olurlar. Əgər istehsalçılar və satıcılar əvvəlcədən kifayət qədər məhsul ehtiyatı formalaşdırıblarsa, qiymət artımı minimal və ya ümumiyyətlə hiss olunmaya da bilər. Lakin təklif məhdud olarsa, qısa müddətli də olsa bahalaşma qaçılmazdır”.
Akif Nəsirli vurğulayıb ki, bu kimi hallarda rəqabət mühiti mühüm rol oynayır.
“Rəqabətli bazarlarda sahibkarlar “az və baha satmaq” əvəzinə “çox və ucuz satmaq” strategiyasına üstünlük verirlər. Məhz buna görə də inkişaf etmiş, kəskin rəqabət mühiti olan ölkələrdə bayram günlərində bəzi məhsulların qiymətində hətta ucuzlaşma müşahidə olunur”.
Ekspert əlavə edib ki, Azərbaycanda iqtisadiyyatın əsasən inhisarçı xarakter daşıması qiymətlərin bazar mexanizmləri ilə deyil, ayrı-ayrı bazar iştirakçıları tərəfindən müəyyənləşdirilməsinə şərait yaradır.
“Nəticədə tələbat və dövriyyə artdığı dövrlərdə inhisarçılar daha çox gəlir əldə etmək məqsədilə qiymətləri qaldırırlar”.
Akif Nəsirlinin sözlərinə görə, rəqabətli bazarda qiyməti artırmaq sahibkar üçün daha çətindir.
“Rəqabət şəraitində sahibkarlar rəqiblərdən çəkinir və qiymət artımı əvəzinə təklifi artırmağa çalışırlar. Bu isə sonda ucuzlaşmaya gətirib çıxarır”, – deyə o, bildirib.
Aynurə İsmayıl
KONKRET.az