AZ

Türkiyənin həmin diplomlarI ölkəmizdə tanınmır - RƏY

Azərbaycanla Türkiyə arasında təhsil sahəsində formalaşmış dərin əməkdaşlıq və qarşılıqlı etimada əsaslanan münasibətlər son illər daha da genişlənir. Lakin mövcud uğurlarla yanaşı, müəyyən bir sıra problemlər də diqqət çəkir. Məhz bu kontekstdə Baş nazir Əli Əsədov Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında çıxışı zamanı bəzi Azərbaycan universitetlərinin məzunlarının Türkiyədə təhsillərini davam etdirə bilməməsi məsələsinə toxunaraq, problemin həllinin iki qardaş ölkə arasında təhsil əməkdaşlığının daha da möhkəmlənməsinə töhfə verəcəyini vurğulayıb.

Baş nazir bildirib ki, Azərbaycanın bəzi universitetlərinin məzunları təhsillərini Türkiyədə davam etdirmək istəsələr də bunu edə bilmirlər. Səbəb isə həmin universitetlərin diplomlarının Türkiyənin Ali Təhsil Şurası tərəfindən tanınmamasıdır. 

Məsələ ilə bağlı Modern.az-a danışan təhsil eksperti Elçin Əfəndi qeyd edib ki, Azərbaycan vətəndaşlarının Türkiyədə ali təhsil alması və ya aldıqları təhsilin tanınması bir çox istiqamətdə əlçatan olsa da, xüsusilə tibb, hüquq və bir sıra digər ixtisaslar üzrə bu əlçatanlıq tam təmin edilmir. Ekspertin sözlərinə görə, bunun səbəbləri Baş Nazir Əli Əsədov tərəfindən də vurğulanıb.

“Düşünürəm ki, bu sahədə qanunvericilikdə müəyyən dəyişikliklər edilməlidir. Eyni zamanda ali təhsil proqramları elə qurulmalıdır ki, təkcə Türkiyə universitetlərinə deyil, dünyanın digər ölkələrinin ali təhsil müəssisələrinə yönləndirmə zamanı da hər hansı çətinlik yaranmasın”.

Ekspert həmçinin, ikinci diplom proqramı ilə bağlı müvafiq qərarlar qəbul edilməsinə də diqqət çəkib:

“Bu proqram çərçivəsində Türkiyə universitetlərinin Azərbaycanda ən azı tədris prosesində iştirak etməsi gələcəkdə Azərbaycan vətəndaşlarının Türkiyədə təhsil almasına müəyyən stimul verə bilər. Bundan əlavə, qəbul qaydalarında və tədris proqramlarında ediləcək dəyişikliklər də vətəndaşlarımızın Türkiyə universitetlərində təhsil almasını asanlaşdıra bilər”.

E.Əfəndi onu da əlavə edib ki, bəzi hallarda qeyri-qanuni yollarla Türkiyə universitetlərinə qəbul halları mövcuddur və nəticə etibarilə həmin diplomlar ölkəmizdə tanınmır:

“Lakin Azərbaycanda rəsmi şəkildə ali təhsil almış və sonradan magistratura və ya doktorantura pillələrində Türkiyədə təhsilini davam etdirmək istəyən vətəndaşlarımız müxtəlif maneələrlə üzləşirlər.

Bu problemlər daha çox özəl universitetləri bitirən məzunlarda müşahidə olunur. Eyni zamanda bəzi dövlət universitetlərinin məzunları da Türkiyə universitetləri tərəfindən yetərli hesab edilmədiyi üçün imtina ilə qarşılaşırlar. Bununla belə, elə ali təhsil müəssisələrimiz də var ki, onların məzunları Türkiyə universitetlərində təhsillərini rahatlıqla davam etdirə bilirlər”.

Təhsil mütəxəssisi Türkiyə universitetləri tərəfindən tanınan ali məktəblərimiz sırasında Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və digərləri yer aldığını bildirib:

“Düşünürəm ki, qarşıdakı illərdə Baş nazir Əli Əsədovun qaldırdığı məsələlərin qarşılıqlı tanınma mexanizmlərinin formalaşdırılması və ali səviyyədə müzakirə olunan problemlərin həlli istiqamətində atılan addımlar bu sahədə mövcud çətinliklərin aradan qaldırılmasına, eləcə də vətəndaşlarımız üçün daha əlverişli təhsil imkanlarının yaradılmasına şərait yaradacaq”,- deyə E.Əfəndi qeyd edib.

Seçilən
14
1
modern.az

2Mənbələr