Bu gün tanınmış neyrocərrah, ali dərəcəli həkim Rəşid Musayevin 84 yaşı tamam olur.
Doğru.az xəbər verir ki, 5 mindən artıq neyrocərrahiyə əməliyyatının müəllifi olan Rəşid Musayev ölkəmizdə bu sahənin ən tanınmış və zəngin təcrübəyə malik mütəxəssislərindən biridir.
Rəşid Musayev 1941-ci ildə Qərbi Azərbaycanın Allahverdi rayonunun Böyük Ayrım kəndində anadan olub. Orta təhsilini doğma kəndində və qonşu Noyenberyan rayonunun Zənbəli kəndində alan R.Musayev 1962-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub və 1968-ci ildə ali təhsilini başa vurub.
Əmək fəaliyyətinə Rusiyanın Vladivostok şəhərində yerləşən hərbi hospitalda neyrocərrah kimi başlayan Rəşid Musayev daha sonra Leninqrad (indiki Sankt-Peterburq) Neyrocərrahiyə İnstitutunda ordinatura keçərək ixtisasını daha da təkmilləşdirib. Vətənə qayıtdıqdan sonra Respublika Klinik Xəstəxanasında neyrocərrahiyə şöbəsində ordinator və şöbə müdiri vəzifələrində çalışıb.
1985-ci ildən etibarən Neyrocərrahiyə Mərkəzində şöbə müdiri kimi fəaliyyət göstərən R.Musayev 2021-ci ildə təqaüdə çıxıb. Uzun illər ərzində onlarla gənc həkimin yetişməsində mühüm rol oynayan tanınmış neyrocərrah təqaüddə olmasına baxmayaraq, bu gün də öz bilik və təcrübəsini gənc nəsillə bölüşür.
Qeyd edək ki, Rəşid Musayev peşəkar fəaliyyəti, insani keyfiyyətləri və səhiyyə sahəsinə verdiyi töhfələrlə həmkarları və pasiyentləri tərəfindən böyük hörmət və ehtiramla tanınır.
Məhəmməd Tağıyev
