“Rusiya, Azərbaycan və Ermənistan arasında yeni tranzit imkanları müzakirə edilir”.
NOCOMMENT.az xəbər verir ki, bu sözləri Rusiya Baş nazirinin müavini Dmitri Overçuk bildirib
O qeyd edib ki, Azərbaycan və Gürcüstan ərazisi vasitəsilə Ermənistana ilk rus buğdası yükünün göndərilməsi böyük əhəmiyyət kəsb edir: “Bu, Ermənistan və Azərbaycanın müstəqilliyini qazandığı 1991-ci ildən sonra 30 ildən çox müddətdə bu marşrutla həyata keçirilən ilk yük göndərmədir”.
Overçuk əlavə edib ki, bu proses artıq reallığa çevrilib:
“ƏVvəlcə rus buğdası, daha sonra isə Qazaxıstan buğdası göndərilib. Hazırda isə bu marşrut üzrə digər yüklərin daşınması məsələsi də müzakirə edilir”.
O, bir müddət əvvəl Azərbaycanın Ermənistana neft məhsullarının tranziti ilə bağlı məlumatların ortaya çıxdığını xatırladıb və bunun regionda dəyişikliklərin əyani sübutu olduğunu vurğulayıb.
Rusiya nümayəndəsinin sözlərinə görə, bu prosesdə 2020-ci ilin 9–10 noyabr tarixində Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında imzalanmış üçtərəfli razılaşmanın rolu böyük olub:
“Həmin razılaşma faktiki olaraq münaqişəni dayandırmış və ölkələr arasında əməkdaşlıq üçün zəmin yaratmışdı. Bu gün isə Ermənistan və Azərbaycan birbaşa ikitərəfli formatda, o cümlədən sərhəd məsələləri üzrə əməkdaşlıq edir, qarşılıqlı səfərlər həyata keçirilir, ticarət əlaqələri başlayır və neft məhsullarının çatdırılması təmin olunur”.
Overçuk həmçinin qeyd edib ki, hazırda bəzi yüklərin Ermənistandan Rusiyaya Azərbaycan ərazisi vasitəsilə tranzit göndərilməsi də müzakirə mövzusudur:
“Bu, regionda nəqliyyat və ticarət əlaqələrinin genişlənməsi baxımından mühüm addım hesab olunur”.