Konstitusiya Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyevin QHT.az-a açıqlamasında bildirib ki, 2025-ci il Azərbaycan vətəndaş cəmiyyəti üçün sadəcə növbəti təqvim ili olmayıb, mahiyyət etibarilə keçid və yetkinləşmə ili kimi yadda qalıb.
Onun fikrincə, bu dövrdə vətəndaş cəmiyyəti artıq yalnız tənqid edən və müşahidə aparan tərəf deyil, dövlət siyasətinin formalaşmasında iştirak edən real tərəfdaş kimi çıxış etməyə başlayıb:
"QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən təşkil olunan Xankəndi Forumu, eləcə də daha əvvəl Qlobal Cənub Platforması çərçivəsində vətəndaş cəmiyyətinin genişmiqyaslı iştirakı bu prosesin mühüm göstəricilərindəndir. Eyni zamanda türk dövlətlərinin vətəndaş cəmiyyəti təşkilatlarını birləşdirən forumun yaradılması, Qazaxıstanda keçirilən forum və digər beynəlxalq təşəbbüslər Azərbaycan vətəndaş cəmiyyətinin regional və qlobal müstəvidə fəallaşdığını göstərdi.
Bu dövrdə vətəndaş cəmiyyəti tərəfindən çoxsaylı layihələr icra olundu. Genişmiqyaslı tədbirlərin təşkili, onların formatı, səsləndirilən fikirlər, layihələrin icrası zamanı əldə olunan nəticələr bir daha sübut etdi ki, vətəndaş cəmiyyəti artıq dövlət siyasətinin formalaşmasında real tərəfdaş kimi iştirak edir".
Əliməmməd Nuriyevin fikrincə, bu tendensiya gələcək illərdə də davam edəcək və vətəndaş cəmiyyətinin institusional mövqeyinin daha da möhkəmlənməsinə töhfə verəcək.
Pərvanə Fərhadqızı