AZ

Test imtahanları ləğv olunur? - AÇIQLAMA

Universitetlərdə semestr imtahanlarının keçirilmə formaları ilə bağlı müzakirələr davam edir. Bəzi ali təhsil müəssisələrində imtahanlar yazılı və ya test üsulu ilə təşkil olunduğu halda, bəzi fənlər üzrə şifahi imtahanlara da üstünlük verilir. Təhsil ictimaiyyətində isə test imtahanlarından imtina olunmasının məqsədəuyğunluğu ilə bağlı müxtəlif fikirlər səsləndirilir.

Bəs hansı variant daha uyğun hesab edilir?

Mövzu ilə bağlı Redaktor.az-aaçıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov qeyd edib ki, imtahan forması müəyyən edilərkən bir neçə mühüm amil nəzərə alınmalıdır.

Onun sözlərinə görə, cəmiyyətdə bəzən prosesləri asanlaşdırmağa həddindən artıq meyl müşahidə olunur və bu, düzgün yanaşma deyil.

Ceyhun Məmmədov test imtahanlarının ləğvinin tərəfdarı olmadığını deyərək qeyd edib ki, bu məsələ universitetdən universitetə dəyişə bilər.

Onun fikrincə, obyektivlik tam təmin olunduğu halda ən uyğun variant şifahi imtahandır, çünki üzbəüz sual-cavab tələbənin bilik və potensialını daha dolğun şəkildə üzə çıxarmağa imkan verir.

Müsahibimiz vurğuladı ki, hazırda neqativ halların qarşısını almaq məqsədilə test sistemi tətbiq olunur və bu, mövcud şəraitdə daha məqsədəuyğundur. O bildirib ki, məsuliyyət hissi gücləndikdən, imtahan prosesləri daha şəffaf və düzgün təşkil olunduqdan sonra bu məsələyə fərqli yanaşmaq mümkün ola bilər.

Sonda deputat vurğulayıb ki, indiki mərhələdə test imtahanlarının ləğvi sağlam və doğru addım hesab edilmir və ənənəvi sistem hələlik qorunub saxlanmalıdır. Gələcəkdə isə bu sahədə dəyişikliklərə yenidən baxıla bilər.

Aytəkin TOFİQQIZI

 

Seçilən
28
2
redaktor.az

3Mənbələr