Yeni il bayramına baxış bucağı hər kəs üçün eyni deyil. Bu bayramı qeyd edənlərlə yanaşı, etməyənlər də az deyil. Bayramda daha çox uşaqların sevindiyini nəzərə alsaq, bəzi ailələrdə valideynlər uşaqlar üçün bu bayramın qeyd olunmasını düzgün hesab etməyərək qadağalar tətbiq edirlər. Hətta uşaqların Yeni il atributu sayılan “Şaxta baba” oyuncağı ilə oynamasına belə icazə verməyən valideynlər var.
Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən psixoloq Firəngiz Ağayevanın sözlərinə görə, bəzi ailələrdə bayram yaxınlaşdıqca bu cür problemlər yaşanır:
““Bayramı qeyd etmək olmaz, günahdır” deyərək uşaqlara qadağalar qoyurlar. Bayram uşaq üçün hansısa dini məna daşımır. Uşaq bayramı daha çox diqqət, birlik, bərabərlik, təhükəsizlik kimi hiss edir. Şam ağacı, işıqlar, hədiyyələr uşaqların zehnində sevildiyini və xatırlandığını göstərən simvollardır. Valideynlər öz baxış bucağını, qorxu, aqressiyasını uşağa ötürür. “Buna sevinmək olmaz”, “Baxma”, “Olmaz”, “Haramdır” kimi sözlər uşağın psixikasında mənfi hallar yaradır. Onlarda gərginlik hissi baş verir, günahkarlıq, qorxu, sevincə qarşı utanmaq kimi hisslər yaranır. Valideynlər isə bunu görmürlər. Belə hallarda görülməsə də, uşağın daxilində proseslər gedir və onların sevincinə zorakı olan müdaxilələr edilir. Uşaq düşünür ki, sevinmək olmaz, günahdır. Bəzən hətta uşağa qışqırırlar, hədələyirlər, oyuncağı zorla alırlar. Uşağın gözünün qabağında bayram atributlarının sındırılması artıq uşağın beynində mesaj yaradır ki, sevinmək təhlükəlidir. Buna mənfi hal kimi baxırlar. Valideyn qadağa ilə deyil, anlaşma və izah yolu ilə məlumatları ötürməlidir. Uşaq dini məsuliyyət daşımır. Uşağın psixoloji sağlamlığı hər cür ideoloji mübahisədən daha önəmlidir. Yeni ili qeyd etmək və ya etməmək hər kəsin, ailənin öz seçimidir. Ancaq bunu uşağa yükləmək olmaz. Uşaqda bu yük psixoloji zərər yarada bilər. Uşağa hər şeyi düzgün formada izah etmək hər bir şeydən önəmlidir. Psixoloji cəhətdən sağlam böyüyən uşaq gələcəkdə həm mənəvi həm də emosional olaraq daha güclü olur”.
Şəhanə Quliyeva