Ailə münasibətlərində maddi asılılıq mövzusu çox vaxt yanlış rakursdan müzakirə olunur. Pulun ailə daxilində güc vasitəsinə çevrilməsi, əslində, maddi imkanlardan çox, insanın daxili mədəniyyətinin, etik dəyərlərinin və tərbiyəsinin göstəricisidir. Sağlam ailə münasibətlərində maddi üstünlük heç vaxt psixoloji təzyiqə, hökmranlığa və ya qarşı tərəfi alçaltmağa səbəb olmamalıdır.Ailə daxilində maddi asılılıq və bunun psixoloji aspektləri haqqında psixoloq Elmir Əkbər Missiya.Az-a danışıb.
"Ümumiyyətlə, maddi asılılıq ilk növbədə qarşı tərəflərin daxili mədəniyyətindən, etikasından və tərbiyəsindən irəli gəlir. Çünki pul qazanan tərəf bunu heç bir halda qarşısındakına hiss etdirməməlidir. Bu, olduqca vacib məqamdır. Alicənab insan heç vaxt belə bir mühit yaratmaz. Əks halda bu münasibət tədricən qul–kölə istismarına çevrilə bilər. Yəni söhbət birbaşa insanın şəxsiyyətindən gedir. İkinci mühüm məqam isə ondan ibarətdir ki, xarakterində və şəxsiyyətində qüsurlar olan insanlar maddi üstünlüyü bir alət kimi istifadə edərək qarşı tərəfi sıxmağa çalışırlar. Halbuki çox zaman unudulan əsas bir həqiqət var: pul qazanmayan tərəf ailəyə həm mənəvi, həm də real maddi dəyəri olan böyük töhfə verir.
Məsələn, əgər kişi ailənin maddi təminatını üzərinə götürürsə, qadın evin bütün yükünü daşıyırsa — evdə təmizlik yaradırsa, yemək bişirirsə, uşaqları böyüdürsə, onların tərbiyəsi, gündəlik qayğıları ilə məşğul olursa, paltar yuyur, evi idarə edirsə — inanın ki, bu, bəzən qazanılan puldan da böyük maddi töhfədir. Mənəvi tərəfləri isə hələ bir kənara qoyuruq. Təsəvvür edin ki, bütün bu işlər üçün ayrıca insanlar tutulsa, ayda nə qədər xərc çıxar? Bu səbəbdən “pulu mən qazanıram, qərarı da mən verirəm” yanaşması sözün əsl mənasında tərbiyəsiz və qeyri-sivil düşüncə tərzidir",-psixoloq bildirib.
Elmir Əkbərin sözlərinə görə, qərarvermə pulun kim tərəfindən qazanılmasından asılı olmamalıdır. Sağlam düşüncəli, mədəni və alicənab insanlarda ailə idarəçiliyi qarşılıqlı hörmət və anlayış üzərində qurulur. Bu mövzuda bir məqamı da unutmaq olmaz: maddi üstünlük tez-tez bayraq ediləndə, nəticə ya boşanmaya, ya da ailə daxilində hüzurun itməsinə gətirib çıxarır. Ailədə hüzur yoxdursa, kişi bilməlidir ki, bu, birbaşa uşaqlarla münasibətlərə də təsir edəcək. Çünki uşaqlar təkcə atalarına deyil, analarına da bağlıdırlar. Ananın qəlbində ata üçün sevgi yoxdursa, bu hiss uşaqlara da ötürülməyəcək.
"Digər tərəfdən, əgər qadın psixoloji cəhətdən zəifdirsə və ya həyatını düzgün yönləndirə bilmirsə, uşaqlar tədricən pul qazanan tərəfə — ataya meyl edəcək, ananın rolunu və missiyasını kiçiltməyə başlayacaqlar. Nəticədə qadın ailə daxilində öz dəyərini itirmiş, kənarda qalmış bir fiqura çevrilə bilər. Məhz buna görə də qadınlar psixoloji baxımdan güclü və hazırlıqlı olmalıdırlar ki, kişi uşaqları maddi imkanlarla özündən asılı vəziyyətə salıb onları bir şantaj alətinə çevirə bilməsin",-Elmir Əkbər əlavə edib.
İlahə Qənbərli
Missiya.Az