AZ

Oxumağa marağı necə bərpa etmək olar? - AÇIQLAMA

Bir çox insan yaş artdıqca zövq üçün kitab oxumaq vərdişindən uzaqlaşır. Vaxt azlığı, yorğunluq, sosial şəbəkələrdə çox vaxt keçirmə və məktəb dövründə məcburi oxu təcrübəsinin yaratdığı mənfi xatirələr buna səbəb olur. Lakin psixoloqlar bildirir ki, oxumağa marağı istənilən yaşda bərpa etmək mümkündür və bu vərdiş həm psixoloji sağlamlığa, həm də həyat keyfiyyətinə müsbət təsir göstərir.

Redaktor.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Araşdırmalar göstərir ki, mütəmadi oxu stress səviyyəsini azaldır, empatiya və yaradıcı düşüncəni inkişaf etdirir. Bununla belə, oxuya maraq azalır. ABŞ-də aparılan rəsmi statistik təhlilə əsasən, adi günlərdə zövq üçün oxuyan böyüklərin payı 2004-cü ildə 28 faiz olduğu halda, 2023-cü ildə bu göstərici 16 faizə düşüb. Statistikaya kağız kitablarla yanaşı elektron kitablar, audiokitablar və jurnallar da daxildir.

Mütəxəssislər bildirir ki, oxumağa qayıdışda ən böyük səhv həddindən artıq gözləntilərdir. Oxumağa ağır elmi kitablar və ya həcmi böyük romanlarla deyil, oxucuya həqiqətən zövq verəcək kitablarla başlamaq tövsiyə olunur. Seçim zamanı məşhur siyahılardan deyil, şəxsi maraqlardan çıxış etmək daha effektiv sayılır. Bunun üçün son vaxtlar xoşunuza gələn film və ya serialın janrına uyğun kitab seçmək faydalı ola bilər.

Oxunun mütəmadiliyi də vacib amildir. Mütəxəssislər oxunu gündəlik rejimə daxil etməyi yatmazdan əvvəl, nahar fasiləsində və ya nəqliyyatda bir neçə səhifə oxumağı məsləhət görür. Gündə cəmi 5–10 dəqiqə belə davamlı vərdiş formalaşdırmağa kömək edir. Diqqəti yayındıran amillərin, xüsusən də telefonun kənara qoyulması tövsiyə olunur.

Format seçimi də önəmlidir. Kağız kitab oxumaqda çətinlik çəkənlər üçün elektron kitablar və audiokitablar daha uyğun ola bilər. Onları gəzinti, ev işləri və yolçuluq zamanı dinləmək mümkündür. Kitab klubları və “sakit oxu” görüşləri kimi sosial fəaliyyətlər də motivasiyanı artırır.

Psixoloqlar vurğulayır ki, əgər kitab oxucuya uyğun gəlmirsə, onu yarımçıq qoymaq normaldır. Oxu məcburiyyətə çevrilməməlidir. Əsas məqsəd oxuduğunuzdan zövq almaqdır, məhz bu halda oxu vərdişi uzunmüddətli olur.

Nuriyyə NATİQQIZI

Seçilən
48
1
redaktor.az

2Mənbələr