Avstraliya hakimiyyəti irqi və dini nifrəti qızışdıran fəaliyyətlərə görə ilk dəfə olaraq viza ləğvi qərarı verib.Vətəninfo.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər naziri Toni Börk məlumat verib.
Nazirin sözlərinə görə, 43 yaşlı Böyük Britaniya vətəndaşının vizası yəhudi icmasına qarşı nifrətə əsaslanan nasistpərəst ideologiyaya sadiqliyi və qadağan olunmuş nasist simvollarını nümayiş etdirməsi səbəbilə ləğv ediləcək. Həmin şəxs barəsində deportasiya qərarı da verilib.
Toni Börk ABC telekanalına açıqlamasında bildirib ki, Avstraliyaya gələn insanların böyük əksəriyyəti xoş niyyətli qonaqlardır:
“Bura nifrət yaymaq üçün gələn hər kəs Avstraliyanı tərk etməlidir”.
Avstraliya Federal Polisi sosial şəbəkə X platformasında iki hesab vasitəsilə federal qanunları pozan məzmun yaydığı müəyyən edilən Britaniya vətəndaşını saxlayıb. O, qadağan edilmiş nasist simvollarını nümayiş etdirməkdə, təhdid xarakterli paylaşımlar etməkdə və internet üzərindən yəhudi icmasının üzvlərini təqib etməkdə ittiham olunur.
Qeyd olunur ki, Avstraliyada nifrət nitqi ilə bağlı qanunvericilik dekabrın 14-də Sidneydə baş verən terror hücumundan sonra sərtləşdirilib. Hanuka bayramı zamanı həyata keçirilən hücumdan sonra Baş nazir Entoni Albanese nifrət və bölücülük yayan şəxslərin vizalarının ləğv ediləcəyini, eləcə də bu cür davranışların onlayn təhdid və təqiblərə görə cəza təyin edilərkən ağırlaşdırıcı hal kimi nəzərə alınacağını bəyan edib.