AZ

Milix Yevdayev: Bizim birliyimiz, qarşılıqlı etimadımız bəziləri üçün gözlənilməzdir

Bakı, 24 dekabr, AZƏRTAC

İllər öncə din xadimləri ilə keçirilən görüşlərin birində diqqətə çatdırmışdım ki, bəzi beynəlxalq hesabatlarda guya Azərbaycanda azsaylı xalqların hüquqlarının pozulması ilə bağlı 53 faiz göstərici irəli sürülür. O zaman sual verdim, 53 faiz nə deməkdir? Əgər bir ölkədə bu səviyyədə hüquq pozuntusu varsa, orada vandalizm, zorakılıq, qarşıdurma halları olmalıdır. Bu vandalizmi harada görürsünüz? Kim buna şahid olub? Heç kim.

AZƏRTAC xəbər verir ki, bunu Bakı şəhəri dağ yəhudilər dini icmasının sədri Milix Yevdayev dekabrın 24-də Bakıda keçirilən Azərbaycan Din Xadimlərinin İkinci Forumunun I panelində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanın əldə etdiyi uğurları, xüsusilə multikulturalizm və tolerantlıq sahəsindəki nailiyyətləri qəbul edə bilməyən dairələr mövcuddur. “Bir böhtan deyiləndə keçib gedə bilər, lakin sistemli şəkildə yanlış təsəvvür formalaşdırmaq daha təhlükəlidir. Təəssüf ki, bəziləri öz problemlərini görmədən başqalarına irad tutur”, – deyə o qeyd edib.

Milix Yevdayev vurğulayıb ki, müxtəlif beynəlxalq tədbirlərdə və səfərlərdə Azərbaycanın dini icma rəhbərlərinin bir arada, qarşılıqlı hörmət və səmimiyyət şəraitində çıxış etməsi xarici auditoriyada xüsusi maraq doğurur. “Bizim birliyimiz, qarşılıqlı etimadımız bəziləri üçün gözlənilməzdir. Bu mənzərəni həzm edə bilmirlər”, – deyə o əlavə edib.

Ümummilli Lider Heydər Əliyevin fikirlərinə də toxunan Milix Yevdayev bildirib ki, azadlıq ən ali nemətdir və onun qorunması böyük fədakarlıq tələb edir: “Azərbaycan xalqı bu azadlığı şəhidlərin qanı bahasına qazanıb. Vətən anlayışı bizim üçün müqəddəsdir”.

Dini icma sədri qeyd edib ki, Azərbaycan cəmiyyətində ictimai məsuliyyət və mənəvi dəyərlər tarixən formalaşıb və bu gün də yaşamaqdadır. “Bu dəyərlər bizi bir xalq kimi qoruyur. Qloballaşmanın çağırışlarına baxmayaraq, Azərbaycan öz mənəvi sütunlarını saxlayır”, – deyə Milix Yevdayev fikirlərini yekunlaşdırıb.

Seçilən
23
1
azertag.az

2Mənbələr