AZ

Bakıda rəqəmsal informasiya mühitində dini təhsil və maarifçilik strategiyaları müzakirə olunub

Bakıda keçirilən Azərbaycan Din Xadimlərinin II Forumu çərçivəsində "Rəqəmsal informasiya mühitində dini təhsil və maarifçilik strategiyaları" mövzusunda panel təşkil olunub.

"Far.Az" xəbər verir ki, Milli Məclisin İctimai birliklər və dini qurumlarla iş komitəsinin sədri Fazil Mustafanın moderatorluğu ilə keçirilən müzakirədə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İcraçı direktoru Rəvan Həsənov, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Roma Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi, yepiskop Vladimir Fekete, Sabirabad şəhəri "Heydər" məscidinin imam müavini Yusif Bağırov çıxış ediblər.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında təhsil sistemində dini təbliğatın aparılmasının düzgün olmadığını bildirib:

"Onsuz da dinlə bağlı məlumatlar məktəblərdə şagirdlərə çatdırılır. "Həyat bilgisi" və ya ali məktəblərdə din tarixi dərsləri keçirilir. Kurikulumda məktəblərdə din haqqında məlumatı şagirdlərə çatdırırıq. Burada əsas məqam milli-mənəvi və əxlaqi dəyərləri şagirdlərə ötürməkdir".

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İcraçı direktoru Rəvan Həsənov deyib ki, artıq insanlar fərqli mənbələrə müraciət edir, bəzən doğru ilə yanlışı ayırd etməkdə çətinlik çəkir və səhvlərə yol verir:

"Bu səhvlərin sayı bəzən yüzlərlə ola bilir. Zamanın sürətli axını fonunda informasiya bolluğu insanı çaşdıra bilir və biz bu reallıqla üz-üzəyik. Bu baxımdan, informasiyanın mənbəyi xüsusi əhəmiyyət kəsb edir. Xüsusilə sosial media və müxtəlif platformalar vasitəsilə yayılan məlumatların bir qismi cəmiyyətdə narahatlıq yaradır, qarışıq və yanlış məzmun daşıyır".

Roma Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi, yepiskop Vladimir Fekete vurğulayıb ki, təhsil təkcə informasiyanın ötürülməsi deyil, eyni zamanda, qəlbin formalaşdırılmasıdır:

"Yəni bütöv insan şəxsiyyətinin yetişdirilməsi, vicdanın formalaşdırılması və əxlaqi xeyirlə şəri ayırd etmək qabiliyyətinin inkişafıdır. Bu baxımdan, heç bir alqoritm müəllimlə şagird arasında mövcud olan canlı münasibətləri əvəz edə bilməz. Bu gün Roma Katolik Kilsəsi süni intellekti təhlükə deyil, mənəvi istiqamət tələb edən bir alət kimi görür".

Sabirabad şəhəri "Heydər" məscidinin imam müavini Yusif Bağırov qeyd edib ki, gənclərlə iş gücləndirilməlidir:

"Sağlam düşüncəli din xadimlərinin gənclərlə görüşü təşkil edilməlidir. Çünki cəmiyyətin ən həssas icması məhz gənclərdir. Onlar din sahəsində incəlikləri bildikdə, düzgün maarifləndirməyə köməklik edəcəklər. Beləliklə, artıq internet resurslarında bu cür informasiyaları axtarmağa ehtiyac olmayacaq və zərərli informasiyalarla qarşılaşma riski də azalacaq".

Moderator Fazil Mustafa söyləyib ki, Azərbaycanda təhsil sistemində ayrıca din dərsi nəzərdə tutulmayıb:

"Buna baxmayaraq, digər fənlərdə dini dəyərlər haqqında məlumatlar yer alıb. Dinin ən rahat yaşandığı məkan dünyəvi dövlətdir. Çünki dini dövlətdə bir dinə məcburiyyət var, amma dünyəvi dövlətlər bütün dinlərə hörmətlə yanaşırlar. Azərbaycanda heç bir sahədə dini müzakirələrə qadağa yoxdur. Amma dini düzgün şəkildə çatdıran düşüncə adamları ölkədə defisit vəziyyətdədir. Onların sayının artması vacibdir".

Panel müzakirələr və sual-cavabla davam etdirilib.

Seçilən
49
far.az

1Mənbələr