AZ

Fərid Cəfərov: Azərbaycanın zəngin və çoxşaxəli mədəniyyətə malik olması beynəlxalq sənədlərdə də öz təsdiqini tapır

Bakı, 24 dekabr, AZƏRTAC

Dövlət-din münasibətlərinə hüquqi prizmadan yanaşdıqda, ilk növbədə Azərbaycan Respublikasının Konstitusiyasına nəzər salmaq vacibdir.

AZƏRTAC xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov dekabrın 24-də Bakıda keçirilən Azərbaycan Din Xadimlərinin İkinci Forumunda I panel çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Konstitusiyanın 18-ci maddəsində Azərbaycanın dünyəvi dövlət olması təsbit edilməklə yanaşı, dövlətin bütün dinlərə münasibətdə bərabərliyi də açıq şəkildə əks olunub. Bu müddəa dövlətin dinlərə münasibətdə siyasətinin mahiyyətini aydın ifadə edir.

Fərid Cəfərov bildirib ki, Azərbaycan mədəni irsi daşınar və daşınmaz olmaqla iki əsas hissəyə bölünür. Daşınmaz mədəni irsə aid abidələr sırasında dini xarakterli abidələr – məscidlər, kilsələr, sinaqoqlar, türbələr və digər dini-memarlıq nümunələri xüsusi yer tutur. “Nazirlər Kabinetinin müvafiq qərarları ilə dövlət tərəfindən qorunan abidələr siyahısına yüzlərlə dini xarakterli abidə daxildir və bu abidələr həm qorunur, həm bərpa edilir, həm də vətəndaşların istifadəsi və ziyarəti üçün açıq saxlanılır”, – deyə o qeyd edib.

Nazir müavini xüsusilə qeyri-maddi mədəni irsin əhəmiyyətinə diqqət çəkərək bildirib ki, dini ayinlər, mərasimlər, ənənələr və xalqın həyat tərzini əks etdirən qeyri-maddi irs nümunələri dövlət tərəfindən xüsusi diqqət mərkəzində saxlanılır və beynəlxalq səviyyədə təbliğ olunur.

Onun sözlərinə görə, Azərbaycanın zəngin və çoxşaxəli mədəniyyətə malik olması beynəlxalq təşkilatların sənədlərində də öz təsdiqini tapır. “UNESCO-nun qeyri-maddi mədəni irs siyahısında Azərbaycanın 24 nümunə ilə təmsil olunması və bu göstəriciyə görə 193 ölkə arasında ön sıralarda yer alması mədəni irsimizin zənginliyinin bariz göstəricisidir”, – deyə Fərid Cəfərov vurğulayıb.

 

Seçilən
15
azertag.az

1Mənbələr