Bakı, 24 dekabr, AZƏRTAC
Özbəkistanla Azərbaycanı dövlət-din münasibətləri sahəsində də bir çox məqam birləşdirir. Hər ikisi dünyəvi dövlətdir, ənənələrə, xüsusilə xalqların dini adət-ənənələrinə hörmətlə yanaşırlar.
AZƏRTAC xəbər verir ki, bunu Özbəkistan Respublikasının Dini İşlər Komitəsi sədrinin birinci müavini Davronbek Maxsudov dekabrın 24-də Bakıda keçirilən Azərbaycan Din Xadimlərinin İkinci Forumu çərçivəsində təşkil edilən “Multikultural dəyərlər sistemi: dövlət-din münasibətlərinin hüquqi və mədəni aspektləri” adlı panel iclasda çıxışı zamanı deyib.
O bildirib ki, dünyəvi dövlət sosial-mənəvi həyat kontekstində dinin təbii yerini inkar etmir. Müasir hüquqi-demokratik dövlətdə həm sekulyarizm, həm də dindarlıq özünəməxsus yerə malikdir.
“Dövlət-din münasibətlərinin daha bir mühüm xüsusiyyəti isə dinin siyasiləşdirilməməsidir. İstənilən din, ilk növbədə, mənəvi-əxlaqi bir hadisədir. Heç bir din özü-özlüyündə xalqın sosial-iqtisadi, siyasi və mədəni həyatının bütün aspektlərini əhatə etmək iddiasında olmur”, - deyə Davronbek Maxsudov vurğulayıb.