AZ

Azərbaycan ilə Türkiyə arasında əməkdaşlıq təhlükəsizlik və hərbi sahələrdə ən yüksək səviyyədədir - ŞƏRH

Bakı, 24 dekabr, AZƏRTAC

Azərbaycan ilə Türkiyə arasında əməkdaşlıq bir çox sahəni əhatə edir və bu əlaqələr xüsusilə səhiyyə, təhlükəsizlik və hərbi sahələrdə ən yüksək səviyyədədir. Şuşa Bəyannaməsinin imzalanması ilə iki ölkə arasında müxtəlif istiqamətlər üzrə münasibətlər daha da güclənib və yeni mərhələyə qədəm qoyub.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli söyləyib.

Onun sözlərinə görə, bu müqavilənin imzalanması və Milli Məclisdə ratifikasiya olunması onu deməyə əsas verir ki, Azərbaycan–Türkiyə müttəfiqliyi gələcəkdə daha da dərinləşəcək. Şuşa Bəyannaməsindən irəli gələn səkkiz əsas maddə iki ölkə arasında əməkdaşlığın genişlənməsinə və strateji tərəfdaşlığın möhkəmlənməsinə xidmət edir. Bu prinsip BMT Nizamnaməsinin 51-ci maddəsində tanınan kollektiv özünümüdafiə hüququna əsaslanır və Şuşa Bəyannaməsində konkret öhdəlik kimi təsbit edilib. Sənəddə birgə hərbi təlimlərin keçirilməsi, qarşılıqlı təhsil və təlim dəstəyi, eləcə də koordinasiyalı fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulur ki, bu da son dərəcə vacib məqamdır.

“Bu əməkdaşlıq iki qardaş ölkə arasında hərbi və təhlükəsizlik sahəsində əlaqələrin daha da dərinləşməsinə xidmət edir. Müqavilə çərçivəsində Azərbaycan və Türkiyə orduları birgə hərbi əməliyyatlar həyata keçirə, ölkələrin ərazi bütövlüyünün və suverenliyinin qorunmasında, həmçinin regionda və dünyada baş verə biləcək təhlükələrin qarşısının alınmasında koordinasiyalı şəkildə fəaliyyət göstərə bilərlər. Bu baxımdan Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyənin milli maraqlarının təmin olunması üçün strateji və tarixi əhəmiyyət daşıyan mühüm sənəddir”,-deyə hərbi ekspert vurğulayıb.

Seçilən
37
1
azertag.az

2Mənbələr