AZ

Teatr Muzeyində tanınmış rəssam Sənubər Səmədovanın 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Bakı, 24 dekabr, AZƏRTAC

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində tanınmış rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü Sənubər Səmədovanın anadan olmasının 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a Dövlət Teatr Muzeyindən məlumat verilib.

Bildirilib ki, tədbirdə muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova milli mədəni irsimizin yaşadılması baxımından bu qəbildən olan tədbirlərin əhəmiyyətini vurğulayıb.

Muzeyin əməkdaşı Türkan Əliyeva teatr rəssamlığının səhnə sənətindəki rolundan bəhs edərək illərini bu peşəyə həsr etmiş Sənubər Səmədovanın yaradıcılıq bioqrafiyasını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Yubiley tədbirində Azərbaycan mədəniyyətinin tanınmış simaları çıxış edərək Sənubər Səmədovanın sənətə bağlılığından, peşəkarlığından və insani keyfiyyətlərindən söz açıblar.

Azərbaycan Dövlət Pantomim Teatrının yaradıcısı, Xalq artisti Bəxtiyar Xanızadə, Azərbaycan Dövlət Kukla Teatrının aktyoru, Əməkdar artist Rəhman Rəhmanov, Azərbaycan Dövlət Pantomim Teatrının quruluşçu rejissoru Ceyhun Dadaşov, “Bakı” rəsm qalereyasının rəhbəri Eldəniz Babayev, Əməkdar rəssam Həmzə Abdullayev və başqaları yubilyarı təbrik edərək, onunla bağlı öz ürək sözlərini və səmimi fikirlərini bölüşüblər.

Tədbir çərçivəsində muzey əməkdaşları tərəfindən hazırlanmış, sənətkarın həyat və yaradıcılığını əks etdirən videoçarxlar, həmçinin rəssamı Sənubər Səmədova olan, Azərbaycan Dövlət Pantomim Teatrında səhnələşdirilən “Katarsis” tamaşasının videoyazısından bir parça nümayiş olunub. Eyni zamanda Azərbaycan Dövlət Kukla Teatrının kollektivi yubilyarın şərəfinə “Müsyo Jordan və Dərviş Məstəli Şah” tamaşasından canlı səhnəcik təqdim edib. Bundan əlavə gənc musiqiçilər Cəlal Səmədov və Günel Əsədova tədbirə öz ifaları ilə xüsusi ovqat qatıblar.

Yekununda Sənubər Səmədova tədbirin təşkilinə görə muzeyin rəhbərliyinə və kollektivinə, həmçinin göstərilən diqqət və ehtirama görə bütün qonaqlara öz minnətdarlığını bildirib.

Muzeydə rəssamın müxtəlif növ əsərlərindən ibarət qurulan sərgi sənətkarın çoxşaxəli yaradıcılıq fəaliyyətinə nəzər salmaq, həm də onun keçdiyi sənət yolunu izləmək baxımından böyük maraq doğurub.

 

Seçilən
37
azertag.az

1Mənbələr