AZ

Qalib Mirzəyev: “Cənab Prezident İlham Əliyev qalib xalqın qalib lideri və müasir Azərbaycan modelinin memarıdır”



“Azərbaycanın müasir siyasi tarixində cənab Prezident İlham Əliyevin fəaliyyəti ardıcıl inkişaf, milli maraqlara sədaqət və qətiyyətli liderlik nümunəsi kimi səciyyələnir. 2003-cü ildən etibarən xalqın etimadını qazanan və bütün seçkilərdə inamlı qələbə əldə edən dövlət başçısı öz siyasi legitimliyini yalnız səs faizi ilə deyil, həyata keçirdiyi real nəticələrlə təsdiqləyib. Xalq–lider birliyi cənab Prezidentin idarəçilik modelinin əsas sütununa çevrilib və bu birlik Azərbaycanın qarşılaşdığı bütün çağırışların uğurla dəf olunmasını təmin edib.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında İmişli rayon bələdiyyəsinin sədir, Yeni Azərbaycan Partiyasının üzvü Qalib Mirzəyev deyib.

Daha sonra müsahibimiz bildirib ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan dövlət siyasəti rasional siyasi realizmə, analitik yanaşmaya və milli məqsədlərə xidmət edən praqmatizmə əsaslanır: “Bu yanaşma ölkədə dayanıqlı iqtisadi artımı, güclü sosial siyasəti və təhlükəsizlik sisteminin möhkəmlənməsini mümkün edib. Eyni zamanda, müasir ordu quruculuğu dövlət siyasətinin prioritet istiqamətinə çevrilərək Azərbaycanın hərbi gücünü keyfiyyətcə yeni mərhələyə yüksəldib. Nəticədə Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində tarixi Zəfərə imza atdı. 2024-cü il fevralın 7-də keçirilən prezident seçkiləri Azərbaycanın siyasi həyatında yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, həm də xalqın qalib liderinə növbəti dəfə verdiyi yüksək etimadın ifadəsi oldu. Seçkilərin ilk dəfə ölkənin bütün ərazilərində, o cümlədən Xankəndidə keçirilməsi suverenliyin tam bərqərar olunmasının rəmzinə çevrildi. Bu seçki təkcə siyasi proses deyil, milli qürur və tarixi ədalətin bərpasının təntənəsi idi. Cənab Prezident İlham Əliyevin yürütdüyü müstəqil və balanslaşdırılmış xarici siyasət Azərbaycanın beynəlxalq mövqelərini əhəmiyyətli dərəcədə gücləndirib. BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlük, Qoşulmama Hərəkatına sədrliyi və qlobal humanitar təşəbbüslər ölkəmizin beynəlxalq etibarlılığını təsdiqləyir. Eyni zamanda, Azərbaycan-Ermənistan normallaşma prosesi çərçivəsində əldə olunan nəticələr dövlət başçımızın sülhə əsaslanan, lakin milli maraqlardan güzəştə getməyən siyasi xəttinin təzahürüdür. Bütün bu amillər onu deməyə əsas verir ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qalib dövlət statusunu möhkəmləndirərək gələcəyə inamla addımlayan, güclü və nüfuzlu ölkə kimi inkişafını davam etdirir” – deyə, Qalib Mirzəyev fikirlərini tamamlayıb.



Seçilən
41
aia.az

1Mənbələr