AZ

İlham Əliyevin gənclərin hərtərəfli inkişafına hesablanmış dövlət siyasəti!

Bu gün ölkəmizdə gənclərə hər sahədə xüsusi diqqət və qayğı müşahidə olunur. Gənclərimizin şəxsi inkişafı, dünyagörüşünün artırılması, təhsili, milli-mənəvi dəyərlərimizə hörmət ruhunda yetişdirilməsi dövlətimizin prioritet məsələrindən biridir.

Gənclər siyasəti dövlət siyasətinin mühüm və ayrılmaz tərkib hissəsidir. Bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində kifayət qədər fəaldır. Onlar ölkə rəhbərliyinin siyasi, iqtisadi və sosial istiqamətlər üzrə həyata keçirdiyi tədbirlərə hər zaman dəstək verirlər. Gənclərimiz cəmiyyətdə dayanıqlı sabitliyin və ardıcıl inkişafın təmin olunmasında yaxından iştirak edirlər.  Gənclər siyasətində qarşıya qoyulan vəzifələrdən biri də yeni nəslin nümayəndələrinə etimad göstərilməsi, onların məsul vəzifələrə, idarəetmə mühüm işlərdə irəli çəkilməsi, qabiliyyət və bacarıqlarını nümayiş etdirmək üçün şərait yaradılmasıdır. 

Azərbaycanda gənclərə xüsusi diqqətin olması, onların vətənpərvər, sağlam ruhda inkişafı Ulu Öndər  Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər Heydər Əliyev böyüməkdə olan gənc nəslə qayğını hər zaman önə çəkirdi.

Prezident İlham Əliyevin gənclər siyasəti Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi milli dövlətçilik ideyalarına söykənir. Lakin, həmin siyasət müasir çağırışlara uyğun şəkildə yenilənmiş və zənginləşdirilmişdir. Bu siyasətin əsas məqsədi gənclərin milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər, müasir dünyagörüşlü və rəqabətqabiliyyətli vətəndaşlar kimi yetişdirilməsidir.

Azərbaycan Respublikasında gənclər siyasəti dövlət strategiyasının əsas istiqamətlərindən biri kimi formalaşmış və bu siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə sistemli, məqsədyönlü və uzunmüddətli inkişaf mərhələsinə qədəm qoymuşdur. Gənclərə yalnız sosial qrup kimi deyil, ölkənin strateji inkişaf resursu kimi yanaşılması Prezident İlham Əliyevin dövlət idarəçiliyinin əsas fəlsəfəsini təşkil edir.

Azərbaycanda Gənclərin məşğulluq məsələsi də dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi və sosial proqramlar gənclər üçün yeni iş yerlərinin yaradılmasına, sahibkarlıq fəaliyyətinə marağın artırılmasına yönəlmişdir.

Gənclərin intellektual inkişafı dövlət siyasətinin əsas dayaqlarından biridir. Təhsil sahəsində aparılan ardıcıl islahatlar gənclərin müasir biliklərə yiyələnməsinə, dünya standartlarına uyğun təhsil almasına şərait yaratmışdır. Yeni məktəblərin və ali təhsil müəssisələrinin tikilməsi, mövcud təhsil ocaqlarının maddi-texniki bazasının gücləndirilməsi, rəqəmsal texnologiyaların tədris prosesinə inteqrasiyası gənclərin bilik və bacarıqlarının artırılmasına xidmət edir. Xaricdə təhsil imkanlarının genişləndirilməsi isə gənclərin beynəlxalq təcrübə qazanmasına və əldə etdikləri bilikləri ölkənin inkişafı naminə tətbiq etməsinə şərait yaradır.

Dövlətin gənclərə göstərdiyi diqqət və qayğı, həm də gənclərin üzərinə böyük məsuliyyət qoyur. Cənab İlham Əliyevin vurğuladığı kimi, "Hər bir gənc bilməlidir ki, bizim hamımızın əsas vəzifəsi dövlət müstəqilliyini möhkəmləndirməkdir, onu qorumaqdır".

Bu gün Müstəqil Azərbaycanın çiçəklənməsi, dövlət müstəqilliyimizin daha da möhkəmlənməsi istiqamətində gənclərimiz səylə çalışaraq, ölkə başçısı cənab İlham Əliyevin ətrafında sıx birləşərək, ölkəmizi uğurlu gələcəyə aparan bu siyasətə dəstək verirlər.

Altun Şeydayev,

YAP Ağsu rayon təşkilatının sədr müavini

Seçilən
45
1
redaktor.az

2Mənbələr