AZ

Türkiyədən Liviyaya uçan təyyarə qəzası: Nə baş verir?- Pərdəarxası məqamlar

Türkiyədən Liviyaya uçan və göyərtəsində Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Məhəmməd Əli Əhməd əl-Həddadın olduğu təyyarənin qəza ilə nəticələnməsi, bölgədə təhlükəsizlik və idarəetmə məsələlərinə dair narahatlıqlar yaradıb. Siyasi analitiklər hesab edirlər ki, hadisə yalnız hərbi strukturun koordinasiyasına deyil, həm də regional diplomatik balanslara təsir göstərə bilər.

Siyasi analitik Tural İsmayılov Editor.az-a açıqlamasında bildirib ki, Liviyada siyasi-hərbi institutların hələ də tam mərkəzləşmədiyi şəraitdə belə bir itki, qərar qəbuletmə prosesində müvəqqəti boşluq və koordinasiya problemləri yarada bilər.

“Xüsusilə ordudaxili strukturun sabitliyi və müxtəlif silahlı qruplar arasında balansın qorunması baxımından hadisə həssas bir dövrdə baş verir. Regional müstəvidə isə bu, gərginliyi artıran deyil, risklərin mövcudluğunu xatırladan bir epizod kimi qiymətləndirilir. Türkiyənin Liviyadakı mövqeyi institusional əsaslara söykəndiyi üçün Ankara bu hadisəyə emosional deyil, texniki və diplomatik çərçivədə yanaşacaq. Eyni yanaşma qonşu və regional dövlətlər üçün də xarakterikdir”, — deyə T. İsmayılov vurğulayıb.

Ekspert qəzanın mümkün səbəblərinə də toxunub:

“Burada konspirasiyaya varmadan bir neçə rasional amil qeyd edilə bilər: regional hava məkanında təhlükəsizlik standartlarının qeyri-bərabərliyi, texniki nasazlıqlar, çətin hava şəraiti, uçuş təhlükəsizliyi protokollarının zəif icrası və insan faktoru belə halların əsas risk mənbələridir. Hadisənin yekun qiymətləndirilməsi yalnız rəsmi texniki araşdırmanın nəticələrindən sonra mümkün olacaq. Hazırda isə əsas prioritet regional sabitliyin qorunmasıdır”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
38
editor.az

1Mənbələr