
“Ukrayna, ABŞ, Rusiya və Avropa arasında müharibənin sonuna dair əsas sənəd layihəsində Ukrayna üçün NATO Müqaviləsinin 5-ci maddəsini əks etdirəcək təhlükəsizlik zəmanətləri nəzərdə tutulur”.
Missiya.Az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə müsahibəsi zamanı deyib.
“ABŞ, NATO və Avropa Ukraynaya 5-ci maddəni əks etdirən təhlükəsizlik zəmanətləri verəcəklər”, - deyə siyasətçi vurğulayıb.
O bildirib ki, bu bəndin alt bəndlərində Rusiya Ukraynaya hücum edərsə, əlaqələndirilmiş hərbi cavab tədbirlərinə əlavə olaraq, Rusiya Federasiyasına qarşı bütün qlobal sanksiyaların bərpa ediləcəyi nəzərdə tutulur:
“Əgər Ukrayna Rusiyaya hücum edərsə və ya təxribat olmadan Rusiya ərazisinə atəş açarsa, təhlükəsizlik zəmanətləri etibarsız hesab ediləcək. Rusiya Ukraynaya atəş açarsa, təhlükəsizlik zəmanətləri qüvvəyə minəcək”, - deyə siyasətçi əlavə edib.
Zelenski həmçinin xatırladıb ki, ikitərəfli təhlükəsizlik zəmanətləri Ukraynanın təhlükəsizlik arxitekturasında qalacaq.
“İkitərəfli təhlükəsizlik zəmanətləri bu müqavilə ilə istisna edilmir. Biz 30 ölkə ilə ikitərəfli müqavilələrimizin imkanlarından danışırıq və istəyirik ki, bu imkanlar bizdə qalsın. Bunlar Könüllülər Koalisiyasının ölkələridir - Avropa, Kanada və Yaponiya da daxil olmaqla, təhlükəsizliyin təmin edilməsində bu və ya digər şəkildə bizimlə olmağa hazır olan 30 ölkə”, - deyə siyasətçi qeyd edib.
Zelenskinin sözlərinə görə, bu layihədən əlavə, müharibənin sona çatması üçün lazım olan digər sənədlər də hazırlanıb:
“Xüsusilə, Ukrayna üçün çoxtərəfli təhlükəsizlik zəmanətləri çərçivəsi, bu üçtərəfli sənəddir - Ukrayna, ABŞ və Avropa. Həmçinin, ABŞ tərəfindən Ukrayna üçün təhlükəsizlik zəmanətləri çərçivəsi də mövcuddur - bu, ikitərəfli sənəddir. Bundan əlavə, Ukrayna və ABŞ bərpa,iqtisadi inkişaf haqqında "Ukraynada Çiçəklənmə Yolu Xəritəsi" adlanan sənəd hazırlayıblar”, - deyə siyasətçi bəyan edib.
Daşqın HəsənovMissiya.Az