AZ

“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

“Qurtuluş 93” MTK sakindən 15 il sonra əsassız ödəniş tələb edir

Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Qurtuluş 93” MTK evini satmaq istəyən sakinə süni əngəllər yaradaraq ondan pul tələb edir.
Tribuna.az xəbər verir ki, bu barədə sözügedən bina sakini Əhəd Məmmədov yazıb. O bildirib ki, 15 il əvvəl təmir edib köçdüyü mənzilə görə indi əsassız ödəniş tələb olunur.
Vətəndaşın sözlərinə görə, mənzildə təmir işləri aparılarkən bütün lazımi icazə haqları vaxtilə ödənilib. Üstəlik, qanunvericiliyə əsasən kommunal sayğacların dövlət hesabına quraşdırılmalı olduğu halda, MTK illər sonra bu məsələni əsas gətirərək əlavə pul tələb edib.
Şikayətçi qeyd edir ki, mənzili satmaq istədiyi zaman MTK tərəfindən zorla ödəniş alınıb, lakin verilən qəbzdə göstərilən səbəb şifahi deyilən izahla üst-üstə düşmür:
“Şifahi olaraq deyirlər ki, ödəniş tələbinin səbəbi yeni sahibin adına sayğacların dəyişdirilməsidir. Amma sənəddə ‘təmir zamanı’ yazılıb. Evi alan şəxs də bu səbəbdən pulu ödəməkdən imtina edir və məsuliyyəti mənim üzərimə qoyur.”
Onun sözlərinə görə, ödəniş edilməsəydi, mənzilin çıxarışa (kupçaya) müraciət üçün tələb olunan sənəd verilməzdi. Bu da daşınmaz əmlakın satışı prosesini mümkünsüz edəcəkdi.
Şikayətçi MTK-nın bu addımını özbaşınalıq adlandıraraq aidiyyəti qurumlardan kömək istəyir:
“15 il ərzində bu pul alınmayıbsa, indi necə tələb oluna bilər? Əgər alınıbsa, niyə sübutu yoxdur?”
Vətəndaş “Qurtuluş 93” MTK-nın özbaşınalığına görə aidiyyəti dövlət qurumlarına şikayət etməyi planlaşdırır.
Qeyd edək ki, mətbuatda “Qurtuluş 93”lə bağlı bu kimi şikayətlər ilk deyil. MTK barədə dəfələrlə belə problemlər mediada işıqlandırılıb.
Xatırladaq ki, “Qurtuluş 93” MTK-nın rəhbəri Məhərrəm Novruzovdur.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Gülşən Rəsul



Seçilən
31
yenilik.az

1Mənbələr