Hər il ölkəmizin ictimai-siyasi və mədəni həyatında mühüm əhəmiyyət daşıyan müəyyən bir mövzu ilə yadda qalır. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi hüquqi dövlət quruculuğu və müstəqilliyin möhkəmləndirilməsinə həsr olunmuşdu. Prezident İlham Əliyevin Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi isə ölkəmizin davamlı inkişaf strategiyasında şəhərsalma siyasətinin, müasir memarlıq yanaşmalarının və tarixi-mədəni irsin qorunmasının xüsusi önəm daşıdığını göstərir.
Həmçinin onu da vurğulamaq lazımdır ki, Sərəncamda bir çox mühüm məsələlərə diqqət yetirilib, milli memarlıq yoluna işıq salınıb. Bildirilib ki, bu gün ölkə ərazisində dövlət tərəfindən mühafizə olunan müdafiə qalaları, karvansaralar, məscid, məbəd və türbələr milli memarlığın parlaq ənənələrini əks etdirir. Bədii-memarlıq həllinin kamilliyi baxımından iftixar hissi doğuran dünya əhəmiyyətli tarix və mədəniyyət abidələrindən Möminə xatun türbəsi, Xudafərin körpüsü, “Atəşgah” kompleksi və digər bu kimi misilsiz nümunələr Azərbaycanın memarlığının rəmzlərinə çevrilmişdir.
Azərbaycanın şəhərsalma sahəsində əldə etdiyi nailiyyətlərdə ulu öndər Heydər Əliyevin xidmətləri müstəsna yer tutur. Onun irəli sürdüyü siyasət nəticəsində milli memarlıq dəyərləri mühafizə olunmuş, eyni zamanda, müasir memarlıq layihələrində yaradıcı şəkildə istifadə edilmişdir. Həmin illərdə şəhərlərin yenidən qurulması prosesi geniş vüsət almış, regionların planlı və sistemli inkişafı təmin olunmuşdur. Görkəmli memarların fəaliyyəti sayəsində milli ruhu əks etdirən, bununla yanaşı müasir dövrün tələblərinə cavab verən yeni memarlıq nümunələri meydana çıxmışdır. Nəticə etibarilə, bugünkü Azərbaycan şəhərlərinin özünəməxsus siması və funksional quruluşu məhz bu strateji yanaşmanın bəhrəsidir.
2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunmasını şərtləndirən başlıca amillər sırasında vaxtilə işğal altında olmuş ərazilərin düşmən tərəfindən məqsədli şəkildə viran qoyulması, eləcə də azad olunduqdan sonra həmin torpaqlarda yeni şəhər və qəsəbələrin inşa edilməsi, müasir memarlıq və şəhərsalma prinsiplərinin geniş tətbiq olmasıdır. Sərəncamda qeyd olunur ki, Böyük Qayıdışa dair I Dövlət Proqramına müvafiq qaydada “yaşıl enerji” zonası elan edilmiş bu ərazilərdə 2020–2025-ci illərdə – dünya memarlıq-inşaat təcrübəsində az rast gəlinən qısa bir müddətdə 100-dən artıq yaşayış məntəqəsi, o cümlədən 12 şəhər üzrə planlaşdırma sənədləri hazırlanmış və quruculuq işlərinə başlanılmışdır. Azərbaycanın mədəniyyət paytaxtı, xalqımızın qürur mənbəyi Şuşa şəhərinin əvvəlki memarlıq mühiti və əsl tarixi siması bərpa edilməklə dirçəldilməsi isə milli iradənin təzahürüdür.
Ölkəmiz iqlim dəyişmələri və şəhərsalma ilə əlaqədar qlobal çağırışların həllində, innovativ yanaşmaların formalaşmasında etibarlı tərəfdaş kimi tanınır. BMT nin Məskunlaşma Proqramı (“UN-Habitat”) ilə birgə təşəbbüslər və bu çərçivədə memarların bir araya gəldiyi milli şəhərsalma forumları Azərbaycanın beynəlxalq tərəfdaşlarla ortaq fəaliyyətinin uğurlu nümunəsidir.
Sonda bildirək ki, 2026-cı il mayın 17–22-də ölkəmiz yenidən dünyanın diqqət mərkəzinə düşəcək. Paytaxt Bakıda Birləşmiş Millətlər Təşkilatının (BMT) ən nüfuzlu tədbirlərindən biri – Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) keçiriləcək. Məzmununa və əhatə dairəsinə görə bu forum BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflər Konfransından (COP) sonra ikinci ən böyük və strateji əhəmiyyətli qlobal platforma qəbul edilir. Belə bir vacib tədbirin Bakıda təşkil olunması, beynəlxalq aləmdə şəhərsalma, dayanıqlılıq və ətraf mühit sahələrində Azərbaycanın yüksək nüfuza malik olduğunu göstərir.
Eldəniz ƏMİROV,
iqtisadçı
2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” elan olunması şəhərlərə rasional və iqtisadi sistem kimi yanaşmaq üçün fürsət yaradır.
Şəhərsalmanın əsas xüsusiyyəti ondan ibarətdir ki, bu sahədə buraxılan səhvləri çox vaxt düzəltmək olmur. İnfrastruktur düzgün qurulmadıqda və məkan real ehtiyaclara uyğun planlanmadıqda sonradan bu boşluqları aradan qaldırmaq çətinləşir. Bu isə iqtisadi baxımdan məhsuldarlığın azalması, əlavə ictimai xərclərin artması və uzunmüddətli vaxt itkisi ilə nəticələnir. Zamanın qiyməti o həddə yüksəlib ki, vaxt itkisi artıq ömür itkisidir.
Azərbaycan son illərdə şəhərsalma və memarlıq sahəsində ciddi uğurlar əldə etmişdir. İşğaldan azad edilmiş ərazilərimizdə həm “ağıllı şəhər”, həm də “ağıllı kənd” prinsiplərinə uyğun olaraq yaşayış məntəqələrinin bərpası və inkişafı həyata keçirilir. Praktik olaraq, Qarabağ və Şərqi Zəngəzurda salınan və inşa edilən şəhərlər həm müasir, həm də funksional mərkəzlərə çevrilmişdir. Bu, şəhərsalma sahəsində yeni yanaşma və yeni modeldir.
Azərbaycanın keçirdiyi beynəlxalq toplantılarda xarici ekspertlər xüsusilə işğaldan azad edilmiş ərazilərdə yeni texnologiya və yanaşmaların tətbiqi ilə şəhərsalmanın genişləndirilməsini yüksək qiymətləndirmişlər. Təbii ki, şəhərsalma sahəsində həyata keçirilən işlər yalnız işğaldan azad olunmuş ərazilərlə məhdudlaşmır. Digər bölgələrimizdə, o cümlədən paytaxt Bakı şəhərində də müasir şəhərsalma prinsipləri tətbiq olunur. Bu baxımdan, 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi həm ölkəmizin bu sahədə əldə etdiyi uğurların, həm də beynəlxalq təşkilatlar və ekspertlər tərəfindən yüksək qiymətləndirilməsinin nəticəsidir.
Digər tərəfdən, Azərbaycan 2026-cı ildə dünyanın ən böyük beynəlxalq toplantılarından birinə ev sahibliyi edəcək. May ayında keçiriləcək bu tədbir, COP29-dan sonra ölkəmizin ev sahibliyi etdiyi ən böyük ikinci beynəlxalq toplantı hesab olunur. Bu forumda Azərbaycan şəhərsalma sahəsində əldə etdiyi uğurları və tətbiq etdiyi metodları beynəlxalq ictimaiyyətə təqdim edəcək.
Beləliklə, 2026-cı il şəhərsalma və memarlıq baxımından Azərbaycan üçün əlamətdar və fərqli bir il olacaq. Ölkəmiz həm azad edilmiş ərazilərdə, həm də digər bölgələrdə yeni, müasir və ağıllı şəhərsalma ənənəsini daha da genişləndirəcək.
Vüqar BAYRAMOV,
Milli Məclisin deputatı
Azərbaycan son illərdə şəhərsalma və memarlıq sahəsində ciddi uğurlar əldə etmişdir. İşğaldan azad edilmiş ərazilərimizdə həm “ağıllı şəhər”, həm də “ağıllı kənd” prinsiplərinə uyğun olaraq yaşayış məntəqələrinin bərpası və inkişafı həyata keçirilir. Praktik olaraq, Qarabağ və Şərqi Zəngəzurda salınan və inşa edilən şəhərlər həm müasir, həm də funksional mərkəzlərə çevrilmişdir. Bu, şəhərsalma sahəsində yeni yanaşma və yeni modeldir.
Azərbaycanın keçirdiyi beynəlxalq toplantılarda xarici ekspertlər xüsusilə işğaldan azad edilmiş ərazilərdə yeni texnologiya və yanaşmaların tətbiqi ilə şəhərsalmanın genişləndirilməsini yüksək qiymətləndirmişlər. Təbii ki, şəhərsalma sahəsində həyata keçirilən işlər yalnız işğaldan azad olunmuş ərazilərlə məhdudlaşmır. Digər bölgələrimizdə, o cümlədən paytaxt Bakı şəhərində də müasir şəhərsalma prinsipləri tətbiq olunur. Bu baxımdan, 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi həm ölkəmizin bu sahədə əldə etdiyi uğurların, həm də beynəlxalq təşkilatlar və ekspertlər tərəfindən yüksək qiymətləndirilməsinin nəticəsidir.
Digər tərəfdən, Azərbaycan 2026-cı ildə dünyanın ən böyük beynəlxalq toplantılarından birinə ev sahibliyi edəcək. May ayında keçiriləcək bu tədbir COP29-dan sonra ölkəmizin ev sahibliyi etdiyi ən böyük ikinci beynəlxalq toplantı hesab olunur. Bu forumda Azərbaycan şəhərsalma sahəsində əldə etdiyi uğurları və tətbiq etdiyi metodları beynəlxalq ictimaiyyətə təqdim edəcək.
Beləliklə, 2026-cı il şəhərsalma və memarlıq baxımından Azərbaycan üçün əlamətdar və fərqli bir il olacaq. Ölkəmiz həm azad edilmiş ərazilərdə, həm də digər bölgələrdə yeni, müasir və “ağıllı” şəhərsalma ənənəsini daha da genişləndirəcək.
Musa BAĞIRLI
XQ