AZ

Özbəkistanlı rektor: Azərbaycan və Özbəkistan dünyəvi dövlətçilik prinsipinə sadiqdir

Bakı, 24 dekabr, AZƏRTAC

Bu gün bizi bir araya gətirən “Azərbaycanda dövlət-din münasibətlərinin konstitusion prinsipləri: dünyəvilik və vicdan azadlığı" mövzusunda keçirilən Forum müasir cəmiyyətin inkişafı baxımından son dərəcə aktualdır.

AZƏRTAC xəbər verir ki, bunu Özbəkistan Respublikasının Prezidentinin dövlət müşavirinin müavini, Beynəlxalq İslam Akademiyasının rektoru Müzəffər Kamilov dekabrın 24-də Bakıda keçirilən Azərbaycan Din Xadimlərinin İkinci Forumunda çıxışı zamanı deyib.

Rektor bildirib ki, türk xalqlarının tarixi boyunca dövlətçilik, hüquqi düşüncə və kollektiv məsuliyyət ənənələri ahəngdar şəkildə inkişaf edib. "Bu tarixi təcrübəyə əsaslanaraq, Azərbaycan və Özbəkistan dini cəmiyyətin mənəvi dayağı kimi qəbul etməklə yanaşı, onun dövlət idarəçiliyi və siyasi proseslərin alətinə çevrilməsinə yol verilməməsi prinsipinə ardıcıl şəkildə sadiq qalırlar. Bu isə Türk dünyasında dünyəvi dövlətçiliyin, sosial sabitliyin və dinlərarası tolerantlığın təmin edilməsinin zamanın sınağından çıxmış, ümumi və səmərəli yolunun mövcudluğunu təsdiqləyir", - deyə rektor əlavə edib.

O, müasir şəraitdə elmi-ekspert dialoqunun genişləndirilməsi, təcrübə mübadiləsi, eləcə də birgə tədqiqat və təhsil layihələrinin həyata keçirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Müzəffər Kamilov bu cür forumların dövlətlər arasında qarşılıqlı etimadın möhkəmlənməsinə, ümumi problemlərin birgə həllinə və dayanıqlı inkişafa xidmət etdiyini qeyd edib. M.Kamilov bu forumun nəticələrinin beynəlxalq elmi-praktik əməkdaşlığın yeni səviyyədə inkişafı üçün mühüm alətə çevriləcəyinə əminliyini ifadə edib.

Seçilən
46
azertag.az

1Mənbələr